Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kristina Oyuland: “Mən çox şadam ki, Azərbaycan kibercinayətkarlıqla mübarizə sahəsində regional əməkdaşlığın inkişafı sahəsində lider olmaq istəyir”


 Bu il Azərbaycanda ənənəvi keçirilən "Bakutel-2013" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində 15 ölkə milli pavilyonlarla iştirak edib. Bu ölkələr arasında Azərbaycanla uğurlu əməkdaşlıq təcrübəsi ilə seçilən Estoniya milli pavilyonunu da qeyd etmək olar. Estoniyalı qonaqların Azərbaycanın "Bakutel-2013" sərgisi və bu tədbir çərçivəsində keçirilən konfranslarda müzakirə edilən məsələlər ilə bağlı təəssüratlarını və mövqeyini öyrənmək üçün bu ölkənin nümayəndə heyətinin başçısı Avropa Parlamentinin deputatı, Estoniyanın keçmiş xarici işlər naziri Kristina Oyulanddan müsahibə aldıq.
 
Azərbaycanda bu il, bildiyiniz kimi, "İKT ili" elan edilib və bu ilin ən möhtəşəm və irimiqyaslı tədbirlərindən biri məhz "Bakutel" sərgisi olub. Sərgi haqda təəssüratlarınız necədir, Estoniya bu il sərgidə hansı texnoloji yenilikləri  nümayiş edib?
 
Sərgi həmişəki kimi çox yaxşı təşkil edilib. İKT sahəsində çalışan sahibkarlardan ibarət olan Estoniya nümayəndə heyəti sərgidə milli pavilyonla iştirak edib. Bizim ekspozisiyamızla Azərbaycan prezidenti tanış olub və biz ona ölkədə elektron imzanın necə istifadə edilə biləcəyi, o cümlədən elektron imzanın dövlət orqanlarına, tələbələrə, sahibkarlara və adi vətəndaşlara necə xeyirli ola biləcəyi haqda məlumat verdik. Biz eyni zamanda Azərbaycan şirkətləri ilə Avropa İttifaqı şirkətləri arasında mobil imza vasitəsilə necə əməkdaşlığı inkişaf etdirmək haqda ətraflı məlumat təqdim elədik. Estoniya nümayəndə heyəti ötən illərdə keçirilən bütün "Bakutel" sərgilərində və konfranslarında iştirak edib. Bu sərgilərin hər birində mən yeni texnologiya  və xidmətlərlə tanış oldum.
 
Bu il "Bakutel" çərçivəsində dünyanın 20-dən çox ölkəsindən 50-dən artıq nümayəndə heyətini bir araya gətirən "Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. Sizin fikrinizcə, Azərbaycanda kibertəhlükəsizlikdə vəziyyət region ölkələrinə nisbətən necədir?
 
Kibertəhlükəsizliyin təmin edilməsi qlobal səviyyəli problemdir. Mən çox şadam ki, Azərbaycan Avropa Şurasının kibertəhlükəsizliklə mübarizə konvensiyasının üzvüdür. Azərbaycan beynəlxalq tərəfdaşları ilə öz kiberməkanının təhlükəsizliyinin müdafiəsi məqsədi ilə sıx əməkdaşlıq edir, o cümlədən NATO ilə. Ümumilikdə kibertəhlükəsizliyin təmin edilməsi məsələsinə gəldikdə, mən hesab edirəm ki, bütün ölkələr kiberhücumlar qarşısında acizdirlər. Bu məsələdə bizim üçün yeganə çıxış yolu əməkdaşlıqdır. Ölkələr anlamalıdırlar ki, iqtisadi və hərbi güclərindən asılı olmayaraq, istənilən iri və ya kiçik dövlət əməkdaşlıqsız, kibercinayətkarlıqdan effektiv müdafiə qura bilməz. Azərbaycan bu məsələ ilə bağlı öz siyasi iradəsini bildirib. Mən hesab edirəm ki, Azərbaycan digər ölkələrlə və beynəlxalq strukturlarla kibertəhlükəsizliyin təmin edilməsi sahəsində təkcə sıx əməkdaşlıq etməyə cəhd etmir, o, həmçinin kibercinayətkarlıqla mübarizə sahəsində regional əməkdaşlığın inkişafı sahəsində lider olmaq istəyir. Bu sahədə Azərbaycan hazırda Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlarla aktiv əməkdaşlıq edir.  Bu da çox vacib məsələdir.
 
Kibercinayətkarlıq probleminin həlli üçün hansı tədbirlərin görülməsi zəruridir?
 
Yer kürəsi əhalisinin 39%-i internetdən istifadə edir və bu rəqəm getdikcə artmaqda davam edir. Eyni zamanda təkcə bu ilin birinci yarısında 6,5 milyon internet virusu yaradılıb, dünyada hər 1 saniyə ərzində 18 kibercinayət baş verir və 5 milyon insan bu hücumların qurbanı olur. Hər il 100 mindən çox yeni viruslar yaradılır və onların qarşısını almaq üçün yüzlərlə milyon dollar xərclənir. Bu hücumların nəticəsində əsasən bank hesablarının sahibləri zərər çəkir. Hesab edirəm ki, ən ümdə məqsədimiz internet istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsidir və bu arada internetdə azadlığın qorunması prinsiplərinə riayət etmək vacibdir. İdealistik nöqteyi-nəzərdən bu məsələnin həlli kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı qlobal konvensiyanın hazırlanmasındadır, lakin heç də bütün ölkələr bu məsələ ilə bağlı eyni mövqedən çıxış etmirlər. Buna baxmayaraq, ölkələr kibertəhlükəsizliyin təmin edilməsi məqsədi ilə regional səviyyədə birgə razılaşmaya gələ bilərlər. Azərbaycanın tərəfdaşı olan NATO bu günlərdə müxtəlif ölkələrdən olan 400 nümayəndənin iştirak etdiyi "NATO+" layihəsi çərçivəsində kiberkoalisiyanın yaradılması məsələsini müzakirə ediblər.
Hazırda bizdə yüksək texnologiyalardan istifadə edən şirkətlər haqda və onlara hər gün edilən hücumlar haqda dolğun məlumatımız yoxdur, çünki bir çox hallarda bu ölkələr polisə müraciət etmirlər. Bunun əsas səbəbi kibercinayətlərin cəzalandırılması ilə bağlı qanunvericilikdə konkret tədbirlər müəyyən edilməyib. Bu sahədə qanunvericilik tələb olunan səviyyədə işlənilməyib. Onu da qeyd etmək lazımdır ki, cinayətkarlar yeni üsulların icad edilməsində  onlara qarşı tədbirlər tətbiq edən qanunvericilikdən daha operativdirlər. Biz bu gün bu məsələyə çox tənqidi yanaşırıq. Avropa kibertəhlükəsizlik və məlumatların mühafizəsi üzrə siyasəti müəyyən edən strategiya hazırlayıb. Bu strategiya kibercinayətlərə qarşı daha dayanıqlı texnologiyaların və innovasiyaların hazırlanmasının maliyyələşdirilməsini ehtiva edir və ola bilsin ki, yeddi il sonra biz kibercinayətkarlığa daha sakit yanaşacağıq. 
 
Azərbaycanda internetin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz və bu sahənin daha da intensiv inkişafı üçün hansı tədbirlərin görülməsini Avropa İttifaqı tövsiyə edə bilər?
 
Avropa İttifaqının Azərbaycana bu konkret sahədə hər hansı tövsiyələr və məsləhətlər verməyə hüququ yoxdur. Avropa İttifaqı hazırda vətəndaşların və istifadəçilərin fundamental hüquqların və internetdə azadlığın təmin edilməsi məsələsi üzərində işləyir. Bununla yanaşı, o, kibercinayətlərdən mühafizənin təmin edilməsi məsələsi üzərində işləyir. Bəzən bu iki məsələnin həlli ilə bağlı tədbirlər bir-birinə ziddiyyət təşkil edir.  Lakin sonda, biz hesab edirik ki, Avropa dəyərləri, insan hüquqları, fundamental azadlıqlar daxil olmaqla internetə də aid edilməlidir.
 
Aynur Vəliyeva




14/12/13    Çap et