2013-cü ildə istifadəçilərin 42 faizi virusların qurbanı olub
“Kasperski laboratoriyası” şirkətinin mütəxəssisləri 2013-cü ilin kompüter təhdidlərini təhlil edərək dünyada informasiya təhlükəsizliyinin vəziyyətinin əsas statistik göstəricilərində artım qeydə alındığını bildiriblər. Belə ki, ötən illə müqayisədə “Kasperski laboratoriyası” tərəfindən hər gün emal olunan zərərli obyektlərin sayı 1,5 dəfə artaraq gündə 351 min təşkil edib.
2013-cü ildə “Kasperski laboratoriyası”nın məhsulları gündə orta hesabla 4,5 milyon internet hücumunun qarşısını alıb. İl ərzindən dünyada istifadəçilərin 41,6 faizi ən azı bir dəfə belə hücumların qurbanı olub. Lokal təhdidlərə gəldikdə, ötən 12 ayda təxminən 3 milyard virus yoluxmasının qarşısı alınıb.
Əsas internet təhdidlərinin mənbəyi kimi Rusiya və ABŞ hesab edilir. Belə ki, cari ildə internet hücumlarının 45 faizi bu dövlətlərin ərazisində yerləşən zərərli resurslardan istifadə edilməklə həyata keçirilib.
Proqram təminatında boşluqlardan istifadə edən hücumların 90,52 faizi “Java” proqramına yönəlib.
2013-cü ildə təkcə zərərli mobil virusların sayı deyil, həm də onların mürəkkəbliyi və törətdiyi təhlükələr artıb. Təkcə oktyabrda 20 min yeni növ virus aşkar olunub, bu isə 2012-ci ildə aşkar olunan bütün nümunələrin yarısına bərabərdir. Cari ildə ümumilikdə 104 mindən çox yeni zərərli mobil proqram aşkar olunub ki, bu da ötən ilin göstəricisindən 125 faiz çoxdur və onların əksəriyyəti pul və məxfi məlumatların oğurlanması ilə bağlı olub. Bununla yanaşı, “Android” əməliyyat sistemi cinayətkarların başlıca məqsədi olaraq qalır. Mobil təhdidlərin 98,05 faizi bu sistemə qarşı yönəlib.
Şirkət mütəxəssisləri tərəfindən bu dəfə müxtəlif üsullarla yayılan “Obad” zərərli mobil virusu ən zərərli proqram hesab edilib. “Obad”ı funksionallığına görə İsveçrə bıçağı ilə müqayisə etmək olar, - "Cybersecurity
www.cybersecurity.ru” yazır.