Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron tullantı, elektrik və sənaye akkumulyatorlarının təkrar emalına yer ayrılacaq ilk sənaye parkının tikinti-inşaat işlərinə başlanılıb
Tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkı olan Balaxanı Sənaye Parkının (BSP) qurulması və parka investorların cəlb olunması istiqamətində tədbirlər davam edir. Parkın yaradılması istiqamətində bu günədək bir çox tədbirlər görülüb. Belə ki, “Ernst&Young” şirkəti tərəfindən Parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlanıb, sənaye parkı üçün ayrılmış 7 hektar ərazidə geoloji tədqiqat işləri aparılıb.
Bundan başqa, sənaye parkının nümunəvi əsasnaməsi təsdiq edilmiş, parkın korporativ təşviqat materialları hazırlanıb, Azərbaycan və ingilis dilində Parkın rəsmi internet səhifəsi (www.bsp.az) istifadəyə verilib. Artıq BSP-nin layihə-smeta sənədlərinin hazırlanması işi yekunlaşmış və tikinti-inşaat işlərinə başlanılıb. Bu barədə məlumat verən “Təmiz şəhər” ASC-dən qeyd edilib ki, potensial sahibkarların sənaye parkına cəlb olunması istiqamətində də müəyyən tədbirlər görülür.
Belə ki, BSP-də avtomobil şinlərinin oksigensiz (piroliz üsulu ilə) yandırılması nəticəsində piroliz yağlarının, karbon tozunun və metalın əldə olunması sənayesinin qurulması ilə bağlı Türkiyənin “Metem Turizm Tekstil İnşaat Ticaret Yatırım” A.Ş, plastik torbaların təkrar emalı ilə bağlı “KSC Qrup” şirkəti, PET qablarının təkrar emalı ilə bağlı “Az.Ekol” ilə qarşılıqlı anlaşma memorandumları imzalanıb: “Ümumilikdə BSP-də fəaliyyət göstərmək niyyətində olan şirkətlərlə indiyədək 6 anlaşma memorandumu imzalanıb.
Adı çəkilən emal sahələri ilə yanaşı, parkda qablaşdırma tullantıları, elektrik və elektron tullantı və sənaye akkumulyatorlarının təkrar emalı üzrə müxtəlif şirkətlərin fəaliyyət göstərməsi nəzərdə tutulur”. Həmçinin BSP üçün hədəf sənayelər şin/rezinin təkrar istehsalı, əlvan metal və kabellərin təkrar emalı, təhlükəli məişət tullantılarının təkrar emalı (batareya, lampalar, civə tərkibli əşyalar və s.), yaşıl (təkrar emal olunmuş) məhsulların istehsalıdır. Güzəştlərə gəlincə, Parkda istehsal sahəsinin qurulması və istehsal məqsədi ilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular 7 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək. Digər investisiya güzəştlərinə qeydiyyata alındıqdan sonra 7 il müddətinə mənfəət (fərdi sahibkarlar isə gəlir vergisindən), torpaq, əmlak vergisindən azadolma daxildir.
Qeyd edək ki, 4 may 2011-ci il tarixli sərəncamla təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması qərara alınıb. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək hökumət tərəfindən təmin ediləcək.
Həqiqət İSABALAYEVA
14/12/13 Çap et