Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTİ-nin Baş katibi Hamadun Ture: “Azərbaycanda İKT sektoru ötən səkkiz illə müqayisədə beşqat inkişaf edib”
- Cənab Ture, Azərbaycan beynəlxalq informasiya-kommunikasiya texnologiyaları tədbirlərində fəal iştirak etməklə yanaşı, həm də bu cür tədbirlərə ev sahibliyi edir. "Bakutel" sərgi-konfransı da bu qəbildəndir. Sizcə, bu sərgi-konfrans tərəfdaşlara hansı imkanlar verir?
- Mən 10 ilə yaxındır ki, "Bakutel" sərgi və konfransında iştirak edirəm və görürəm ki, "Bakutel" hər il inkişaf etməkdədir. Bu il sərgi genişzolaqlı xidmətlərin təqdimatı baxımından xüsusilə seçilir. Mən bu sərgidə dünya ölkələrinin təqdim etdiyi yeni innovasiyaları və xüsusən də Azərbaycanın qazandığı nailiyyətləri görməyimə çox şadam.
- "Bakutel" çərçivəsində "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər" mövzusuna həsr olunan beynəlxalq konfrans təşkil olundu. Dünya miqyaslı yüksəksəviyyəli iştirakçılar kiberməkanın təhlükəsizliyi sahəsində böyük əhəmiyyət kəsb edən beynəlxalq əməkdaşlığı dəstəkləməyin yollarını və metodlarını müzakirə etmək məqsədilə bir araya gəldilər. Kiberməkanın təhlükəsizliyi sahəsində hansı formada qlobal səviyyədə əməkdaşlıq etmək olar?
- Biz kibertəhlükəsizlik sahəsində çox mühüm qlobal tədbirin gözəl başlanğıcındayıq. Bütün iş adamları bu gün bir araya gəlməyə və kibertəhlükəsizlik məsələləri haqqında öz fikirlərini ifadə etməyə ehtiyac duyurlar. Kiberməkanın təhlükəsizliyinin qlobal problem olması və bu baxımdan qlobal vətəndaşlar kimi bu məsələnin həll olunması məqsədilə razılaşma əldə etməliyik. Biz bu məsələni yalnız qlobal səviyyədə həll edə bilərik. Çox yaxşı regional əməkdaşlıq strukturları mövcuddur və onların qlobal səviyyədə fəaliyyətinə zərurət vardır. Həmçinin əldə olunması zəruri olan ikitərəfli razılaşmalar da vardır. Biz bu planetin bütün vətəndaşlarını qlobal əməkdaşlıq strukturunda birləşdirməliyik. Belə olan təqdirdə daha güclü olarıq. Əgər bu strukturdan bir ölkə arxada qalarsa, o zaman biz hüquqi və tənzimləyici, eləcə də texniki struktur yaratmalıyıq.
Eyni zamanda, üzv dövlətlər arasında potensial kibermüharibələr kimi çox mühüm bir məsələyə diqqət yetirməliyik. Bizim nəzərə ala bildiyimiz bəzi məsələlər də vardır. Bu gün kiberhücumlara hazırlaşmaqda olan ölkələr də var. Ona görə də biz İKT-dən istifadə etməklə daha çox inam yaratmaq məqsədilə qlobal strukturda necə əməkdaşlıq edə bilməyimizi başa düşməliyik. BTİ nöqteyi-nəzərindən, biz uşaqlarımızı kiberməkanda mühafizə etməklə işə başlaya bilərik. Müxtəlif fikirlərə, etik yanaşmalara malik olan insanları bir araya gətirmək üçün uşaqların onlayn mühafizəsi çox mühüm məsələdir.
Biz inanırıq ki, əgər biz eyni struktur çərçivəsində kiberməkanda uşaqlarımızı mühafizə etməyin yollarını tapa bilsək, dediyimizə əməl etməli olarıq. Mən inanıram ki, uşaqlarımızı və kiberməkandan istifadə edən gələcək nəslin uşaqlarını mühafizə etmək vacib məsələdir. - Siz dünya üzrə kibertəhlükəsizliyi necə qiymətləndirirsiniz? - Bu, universal problemdir. Cinayətlərin müəyyən olunması fərqlidir. Eyni cinayət dindən, inamdan və siyasi istiqamətlərdən asılı olaraq ayrı-ayrı ölkədə müxtəlif ola bilər. Ona görə də bu, çox çətin bir məsələdir. Bəzi ölkələr qlobal struktura daxil olmaq istəmir, çünki onlar hökmranlığı davam etdirmək istəyirlər.
Bəzi ölkələr azadlığa, məxfiliyə və təhlükəsizliyə əks olan vasitələrdən istifadə etməyə davam edirlər. Biz hər zaman onlara deyirik ki, təhlükəsizlik və məxfilik, həmçinin təhlükəsizlik və azadlıq eyni məsələnin iki tərəfidir. Bu, çox mühüm məsələdir və biz bu məsələni həll etməkdə davam etməliyik. Dünya miqyaslı ən son kibertəhlükəsizlik halları sübut etmişdir ki, biz qlobal strukturda birləşə bilərik.
- 2014-cü ildə və gələcəkdə BTİ-nin xüsusi vəzifələri hansılardır?
- Qlobal struktura nail olmaq məqsədilə biz üzv dövlətlər ilə ikitərəfli razılaşmalar əldə edirik. Artıq 8000-dən çox ikitərəfli razılaşmalar əldə etmişik. Yaxşı prinsiplərə istinad edən çoxlu regional strukturlar mövcuddur və onlar qlobal səviyyədə tətbiq oluna bilər. Bizim məqsədimiz kiberməkandan qlobal miqyasda istifadə edən zaman təhlükəsizliyə önəm verməkdən ibarətdir. İnanırıq ki, BMT-nin təşkilatı kimi biz yalnız hökumətləri deyil, özəl sektoru və mülki cəmiyyəti bir araya gətirməklə bu məsələni həll edə bilərik. Üzv dövlətlərimizdən başqa BTİ-nin üzvü olan 700-dən çox özəl şirkətlərimiz də vardır. Eyni zamanda bir çox məsələlər vacib əhəmiyyət kəsb edir. Gənclər İKT-nin ən nikbin istifadəçiləri və sürətli tərəfdarlarıdır, amma onlar bu gün işsizlik, bahalı treninq və təhsildən istifadə etmək kimi bir çox problemlərlə qarşılaşırlar.
Bundan başqa, bilirsiniz ki, BTİ-nin Uşaqların Onlayn Mühafizəsi proqramı BMT-nin digər təşkilatları və partnyorları ilə birlikdə təhlükəsiz onlayn davranışa riayət etməklə uşaqların dünya miqyasında mühafizəsini dəstəkləmək məqsədilə beynəlxalq əməkdaşlıq kimi işə başlayıb və biz bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik. İKT istər yaşıl iqtisadiyyatın inkişaf etdirilməsində, istərsə də gələcək nəsillər üçün daha dayanıqlı ətraf mühitinin yaradılmasında son dərəcə əhəmiyyətli rola malikdir. Doğrudur, İKT özü istixana qazlarının havaya buraxılmasına təkan versə də, digər tərəfdən, bütün digər sektorlarda (xüsusilə də iqlim dəyişikliyinə ən çox səbəb olan sektorlarda) karbon qazının təsirlərini azaltmaqda birbaşa aparıcı qüvvə kimi çıxış edir.
"Smart" modulyatorlar, intellektual nəqliyyat sistemləri və ya çoxsaylı proses və xidmətlərin "demateriallaşması" və rəqəmsallaşması kimi "smart" texnologiyalardan istifadə etməklə, İKT nəqliyyat və enerji sektorları, habelə bir çox digər sənaye sahələrindən havaya atılan zərərli tullantıların əhəmiyyətli şəkildə azaldılmasına yardım edir. Məsələn, peyk müşahidəsi vasitəsilə İKT kənd təsərrüfatının daha da effektiv olmasında çox ciddi rol oynaya bilər. Belə ki, peyk müşahidəsi becərilmə və məhsul yığımının vaxtında planlaşdırılmasına, habelə suvarmadan daha səmərəli istifadə edilməsinə imkan verəcəkdir. BTİ iqlim dəyişikliyi sahəsində də əsas aparıcı qüvvə kimi çıxış edir və karbon qazından istifadənin təsirlərinin azaldılmasında İKT sənayesinə yardım edir. Təşkilat həmçinin, İKT tərəfindən veriləcək töhfələrin daha yaxşı ölçülməsinə imkan verəcək standartların hazırlanması üzərində çalışır.
Bundan əlavə, BTİ iqlim dəyişikliyinin monitorinqi üçün tələb olunan spektr və peyk orbitlərinin düzgün şəkildə yerləşdirilməsini təmin edir, habelə inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə uyğunlaşmaq məqsədilə İKT-dən istifadə yollarını axtarır. Bu, ən son fəaliyyət sahəsinə nümunə olaraq, əvvəlcədən xəbərdarlıq sistemlərində İKT-dən istifadəni qeyd etmək olar ki, bu da öz növbəsində, təbii fəlakətlər zamanı milyonlarla insanın həyatını xilas etməyə imkan verir. İKT artıma dəstək olmaq və sosial tərəqqini artırmaq üçün son dərəcə güclü bir alətdir. BTİ İKT-nin genişlənməsinə rəhbərlik etməkdə davam edəcəkdir. Biz əsas mandatımıza ciddi şəkildə sadiq qalmaqla fəaliyyətimizə davam edirik. Əsas məqsədimiz radiotezlik spektrinin səmərəli idarə olunması, yeni texniki standartların birlikdə inkişaf etdirilməsi, habelə inkişaf etməkdə olan ölkələrin İKT-dən istifadəsini genişləndirmək üçün yeni təşəbbüslərin hazırlanmasıdır.
Biz əhalisinin qoşulma imkanlarının xüsusilə çətinliklərlə üzləşdiyi İnkişaf etməkdə olan Kiçik ada dövlətlərinin və Dənizə Çıxışı olmayan İnkişaf etməkdə olan ölkələrə yönəlmiş proqramlara xüsusilə önəm veririk. Mən həmçinin, BTİ-nin daxili iş proseslərinin effektivliyinin artırılmasına, bizim üzvlük bazamızın gücləndirilməsi üçün yeni yolların tapılmasına və İKT üzrə öz nüfuzumuzun artmaqda davam etməsinə çalışıram.
- 2010-cu ildən etibarən Azərbaycan Rabitə və informasiya texnologiyaları naziri cənab Əli M. Abbasovun Rəqəmsal İnkişaf üzrə Genişzolaqlı Komissiyanın üzvü seçilməsi genişzolaqlı texnologiyaların sosial və iqtisadi inkişafı üçün çox əhəmiyyətli olmuşdur. Genişzolaqlı Komissiyanın fəaliyyətində onun rolu barədə nə söyləyə bilərsiniz?
- 2011-ci il Cenevrədə keçirilmiş Genişzolaqlı Komissiyanın sammitində cənab Əli M. Abbasov qeyd etmişdi ki, Azərbaycanın əsas məqsədi 2025-ci ilə qədər İKT-nin neft və qaz sənayesini üstələyərək ölkənin ən gəlirli sahəsinə çevirməkdir. O, həmçinin Asiya və Avropa arasında Azərbaycanın unikal mövqeyini xüsusilə vurğulayaraq onun regional İKT habbinqi üçün ideal məkan olduğunu bildirmişdi. Əsas rabitənin faktiki olaraq dünya üzrə bütün insanlar üçün əlçatan edilməsi sahəsində də biz son dərəcə böyük nailiyyətlər əldə etmişik. Lakin aydındır ki, 21-ci əsrdə bizim mobil rabitədən daha çox, texnologiyalara ehtiyacımız var.
Bu baxımdan, genişzolaqlı texnologiyalar sosial və iqtisadi inkişafın güclənməsi, səhiyyə, təhsil və yaxşı idarəetmə kimi mühüm xidmətlərin göstərilməsində, o cümlədən davamlı inkişafın əsas aparıcı qüvvə olmasında əhəmiyyətli rol oynayacaqdır. Məhz bu səbədən BTİ və YUNESKO iki il bundan əvvəl Rəqəmsal İnkişaf üzrə Genişzolaqlı Komissiyanı təsis etmişlər. Burada əsas məqsəd genişzolaqlı texnologiyaların genişlənməsi üçün bütün səylərin səfərbər olunması və onun Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün tərəqqini sürətləndirən vasitə kimi qəbul edilməsidir. Cənab nazir Əli M. Abbasovun Genişzolaqlı Komissiyanın ən fəal üzvlərindən biri olması bizi çox sevindirir. Onun "Symantec" və "Kaspersky Lab", habelə "CTO" və "OİF" kimi beynəlxalq təşkilatlarla birlikdə, İMPACT-ın Məşvərət Şurasının (Burkina Faso prezidentinin sədrliyi ilə) üzvü olmasına razılıq verməsi də bizi çox məmnun edir.
- BTİ-in əsas missiyası hər bir kəsin ən fundamental hüquqlarından biri olan rabitə vasitələrinə qoşulma hüququndan tam istifadəsini təmin etməkdir. Qoşulma imkanları olmayan insanların qoşulmasının təmin edilməsində hansı problemlər və imkanlar mövcuddur və genişzolaqlı texnologiyalar nə üçün hazırda bu qədər əhəmiyyətlidir?
- Ötən iyirmi il İKT-nin inkişafı üçün çox önəmli bir dövr olmuşdur. "Mobil möcüzə" ilə biz İKT-ni və onun faydalarını faktiki olaraq hamı üçün - hər bir qitə və hər bir ölkə üçün əlçatan etdik. Növbəti əhəmiyyətli mərhələ isə həmin mobil möcüzəni qlobal olaraq genişzolaqlı texnologiyalar üçün də təkrarlamaqdır.
Genişzolaqlı texnologiyalar sadəcə yüksəksürətli internet və dataya daha tez çıxış əldə etmək imkanı deyil. Genişzolaqlı rabitə yenidən yaradılan texnologiyalar toplusudur və bu da bizim yaşadığımız həyat yolunu köklü surətdə dəyişir. Bu, nəinki zəngin dünyada, həm də hər bir ölkədə - zəngin, kasıb, inkişaf etmiş və etməkdə olan ölkədə mövcud olan davamlı sosial və iqtisadi artıma təminat verə bilər. Genişzolaqlı rabitə dünyanı əhəmiyyətli dərəcədə dəyişəcək və gözlənilməz faydalara gətirib çıxaracaq. Şəxsən mən özüm dünyanın əvvəlcədən gözlədiyim deyil, gözləmədiyim şəkildə dəyişəcəyinə ümid edirəm. İndi isə izn verin, bizim əldə edə biləcəyimiz bəzi faydaları sadalayım:
- İnsanların daha gur yaşadığı bu çoxəsrli dünyada genişzolaqlı rabitə səhiyyə, təhsil və yaxşı hökumət xidmətlərinin yerinə yetirilməsinə kömək edəcək.
- Genişzolaqlı rabitə bizə dövrümüzün ən böyük məsələləri hesab edilən iqlim dəyişikliyi və ətraf mühitin davamlı inkişafı ilə məşğul olmağa kömək edəcək.
- Bu rabitə həm də rəqəmsal iqtisadiyyatda avadanlıqların və xidmətlərin yaradıldığı, ötürüldüyü və istifadə edildiyi yolları dəyişəcək.
- Siz bu gün telekommunikasiya, informasiya və rabitə texnologiyası sektorunda meydana çıxan hansı meyillərin və məsələlərin BTİ-yə təsir edəcəyini hesab edirsiniz? BTİ hökumətlərin və özəl sektorun üzvlərinə xidmət etməklə İKT məsələləri üzrə dünya miqyaslı təşkilat kimi fəaliyyət göstərməyi davam etdirmək məqsədilə bu məsələlərə necə cavab verməlidir?
- Bu gün BTİ-nin əhəmiyyəti böyükdür. İndi, bəlkə də, əvvəlkindən daha böyükdür. Bura radio spektrdən dünya miqyasında istifadənin əlaqələndirilməsi, peyk orbitlərinin təyin olunmasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, inkişaf etməkdə olan dünyada telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üçün fəaliyyət göstərilməsi, geniş çeşidli rabitə sistemlərinin qarşılıqlı qoşulması üçün dünya standartlarının yaradılması və iqlim dəyişikliyi və kibertəhlükəsizliyin gücləndirilməsi kimi dövrümüzün qlobal çağırışlarına cavab verilməsi aiddir. Bu gün daha rəqabətyönümlü və dinamik İKT bazarında addımladığımıza görə şirkətlər öz investisiyalarını çoxaltmaq və yarana biləcək riskləri azaltmğa çalışırlar. Bu ona görədir ki, onlar xüsusi texnologiyalar üçün böyük miqdarda pul vəsaitini ortaya qoymaq istəmirlər; onlar qiymətləri azaltmaq üçün texnologiya və investisiyaları bölüşmək üçün daha çox əməkdaşlıq partnyorluğunu axtarmağa çalışırlar.
Bu işdə də BTİ-nin rolu böyükdür. BMT-nin İKT-lər üzrə əsas təşkilatı kimi BTİ bu sektorun sənayedən, hökumətlərdən və tənzimləyici təşkilatlardan olan əsas təmsilçilərinin bir araya gətirilməsinə qadirdir. Biz dövlət və özəl sektoru bir araya gətiririk, şirkətlərin digər şirkətlərlə, hökumətlərlə və tənzimləyici təşkilatlarla əlaqə saxlamasına imkan yaradırıq. Sənayenin və hökumətin bir araya gəlməsinə kömək etməklə konkret addım atılması və beləliklə də "ədalətli vasitəçi" rolunun oynanılması qarşıdan gələn illərdə BTİ üçün mühüm rol daşımaqda davam edəcək. Onun bu rolu standartlaşmadan tənzimlənməyə qədər və ondan da çox BTİ-nin müxtəlif sahələrinə şaxələnəcək.
- Bu gün Azərbaycan telekommunikasiya və informasiya texnologiyası sahəsində əhəmiyyətli beynəlxalq və yerli layihələri həyata keçirir. Məsələn, optik "Trans-Avrasıya Super İnformasiya Magistralı"nın yaradılması, Avropa-Yaxın Şərq informasiya magistralı" (Europe Persia Express Gateway - EPEG) yaradılması, Azərbaycanda "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, telekommunikasiya peykinin və çoxlu digər layihələrin yaradılması. Siz bu ölkənin nailiyyətlərini necə dəyərləndirirsiniz?
- Burada - Azərbaycanda İKT sektoru ötən səkkiz illə müqayisədə beş qat inkişaf edib. Başa düşmək olar ki, bunun bir qismi Azərbaycanın ÜDM artımı hesabına olub. Lakin İKT-lərin başa düşülməsi və qavranılması özü ÜDM artımında əsas rol oynayıb. Həqiqətən də mən İKT sektorunun enerji sektorundan sonra Azərbaycan iqtisadiyyatının ikinci sürətlə inkişaf edən sektoru olmasından və Azərbaycanın bütün kəndlərinin yüksək sürətli magistrallara qoşulması və kənd yerlərində yaşayan insanların genişzolaqlı rabitənin imkanlarından yararlanması üçün qarşıya qoyulan məqsədlərdən məmnunluq hissi keçirirəm.
Mən İKT-nin ən sürətlə inkişaf edən sektor olmasına ümid edirəm. Biz prezident İlham Əliyevin 2003-cü ildə Cenevrədə dediyi "qara qızılın insan qızılına çevrilməsi" kəlmələrini xatırlayırıq. Ümid edirəm ki, Azərbaycan bu gün daha böyük rəqəmsal ölkə ola bilər. Azərbaycan "4G" nəsil texnologiyasını yaratmış ilk ölkələrdən biridir. Burada e-səhiyyə, e-təhsil və e-hökumət baxımından böyük nailiyyətlər əldə olunub. "TASİM" layihəsi və Azərbaycanın telekommunikasiya peykinin buraxılması insanların genişzolaqlı rabitədən yararlanması üçün bir töhfədir.
14/12/13 Çap et