Bu ilin 10 ayı ərzində Azərbaycanın ilk elektron ticarət portalının istifadəçilərinin sayı 14 mini ötüb
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ilk elektron ticarət portalı olan “
www.b2b.az”ın xidmətindən 14 mindən çox, ümumilikdə isə 25 mindən çox istifadəçi yararlanıb.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, Gürcüstan, İran, İtaliya, BƏƏ, İspaniya, Yunanıstan, Cənubi Koreya, İsrail, Litva, Belçika, Çexiya, Danimarka, Macarıstan, Niderland və s. kimi ölkələrdən olan istifadəçilər də var.
Xatırladaq ki, Almaniyanın GİZ təşkilatının dəstəyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış elektron ticarət portalı – “www.b2b.az” “businesstobusiness” modeli əsasında qurulub.
Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrini genişləndirməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir.
CAHANGİR