Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron sövdələşmələrdə gömrük rüsumlarının tətbiq edilməməsi 2015-ci ilədək qüvvədə qalacaq


Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzv ölkələri arasında elektron sövdələşmələrdə gömrük rüsumlarının tətbiq edilməməsinə dair cari vəziyyət 2015-ci ilədək saxlanılacaq.
 
Bu qərar cari ilin dekabrında İndoneziyanın Bali şəhərində keçirilən ÜTT-nin 9-cu Nazirlər Konfransında qəbul edilib və nəhayət, dünya ticarət nazirləri son 20 il ərzində çoxtərəfli ticarət üzrə ilk müqaviləni təsdiqləyiblər.
 
 "www.wto.org"-un məlumatına görə, konfrans çərçivəsində 2012-ci ilin martında ÜTT-nin Dövlət Satınalmaları Sazişinə təklif edilmiş əlavə və dəyişikliklərin 31 mart 2014-cü il tarixədək təsdiqlənməsi barədə də qərar qəbul edilib.
 
Bunun üçün Sazişə qoşulmuş 15 ölkədən (Avropa İttifaqı bir ölkə kimi sayılmaqla) 2/3-nin onu ratifikasiya etməsi kifayətdir. Hazırda üzv ölkələrdən 7-si (Lixtenşteyn, Aİ, ABŞ, Kanada, Honkonq, Tayvan) Sazişi artıq ratifikasiya edib. Konfransda həmçinin yekun Bali Nazirlər Bəyannaməsi qəbul edilib ki, sənəd özündə bir çox məsələləri ehtiva edir.
 
Belə ki, Bali Nazirlər Bəyannaməsi elektron ticarət üzrə İş Proqramı, əqli mülkiyyət məsələləri; kiçik iqtisadiyyatlı ölkələrə dair yeni iş proqramlarının təsdiq edilməsi; ticarət və texnologiyanın transferi və s. kimi bir çox məsələləri əhatə edir.
 
Analitiklər hesab edirlər ki, "Bali paketi", o cümlədən ÜTT-nin 9-cu Nazirlər Konfransında qəbul edilmiş qərarlar dünya ticarət dövriyyəsinin artımına təkan verəcək. Qiymətləndirmələrə görə,  qlobal ümumdaxili məhsulun həcminin də 1 trilyon dollar yüksələcəyi gözlənilir. Ticarətlə bağlı son illərin ilk böyük müqaviləsinin bağlanmasına münasibət bildirən ÜTT-nin baş direktoru Robert Azevedo bunu mühüm hadisə adlandırıb: "Tariximizdə ilk dəfə ÜTT mühüm nəticə əldə edib. Yəqin ki, bu, qeyri-mümkün görünürdü, amma indi nəticə var: bu saziş imzalanıb".
 
 
Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Çoxtərəfli ticarət sistemi kimi tanınan sistemin əsasını ÜTT-nin dünyada ticarət edən millətlərin əksəriyyəti tərəfindən razılaşdırılmış və imzalanmış, onların parlamentləri tərəfindən ratifikasiya olunmuş sazişləri təşkil edir. Bu sazişlər beynəlxalq ticarət üçün hüquqi normaları təşkil edir.
 
 
Əslində, bu sənədlər üzv ölkələr üçün mühüm ticarət hüquqlarını təmin edən kontraktlar kimi qəbul olunur. Bununla yanaşı, bu sazişlər hökumətləri onların ticarət siyasətlərini hər kəsin mənafelərini pozmayan limitlər çərçivəsində saxlamağa kömək edir.
 
Həqiqət İSABALAYEVA




17/12/13    Çap et