Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müasir texnikanın əsas tələblərinə cavab verən kompozisiya materiallarının yaradılması üzrə tədqiqat işləri aparılır
Azərbaycanda müxtəlif məqsədli monomer, oliqomer, polimer və kompozisiya materiallarının səmərəli alınma üsullarının işlənib hazırlanması və müasir texnikanın əsas tələblərinə cavab verə bilən kompozisiya materiallarının yaradılması sahəsində elmtutumlu tədqiqat işləri davam etdirilir.
Bu barədə AMEA Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) keçirilən AMEA Kimya Elmləri Bölməsinin (KEB) növbəti iclasında məlumat verilib. AMEA-dan bildirilib ki, 2013-cü ildə institutda 5 istiqamət üzrə 8 problemi əhatə edən 18 mövzu üzrə 59 elmi tədqiqat işi 42 mərhələdə aparılıb. İnstitutda “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” dövlət proqramları üzrə aparılan elmi tədqiqat işləri davam etdirilib.
Bundan əlavə, institutda AMEA tərəfindən maliyyələşdirilən “Bərpa olunan bitki mənşəli alternativ enerji mənbələri əsasında yanacaq və sürtkü yağları komponentləri almaq üçün katalitik sistemlərin yaradılması” və “Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının azaldılması və onların səmərəli emal texnologiyalarının işlənib hazırlanması” elmi-texniki proqramlar üzrə işlər yerinə yetirilib.
Həqiqət İSABALAYEVA
18/12/13 Çap et