Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera” başqa tətbiqlərdən də internet trafikini sıxacaq


"Opera Software" şirkəti "Opera Max" mobil tətbiqini təqdim edib. O, "Android" platforması ilə işləyən smartfonlar üzərindən ötürülən internet trafikinin sıxılması üçün nəzərdə tutulub.

"Opera" brauzerlərindən fərqli olaraq, "Opera Max" tətbiqi yalnız brauzerdən deyil, həm də internetə çıxış imkanına malik başqa tətbiqlərdən məlumatları sıxacaq. Trafikin hesablanması üçün virtual şəxsi şəbəkədən (VPN) istifadə olunur.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Opera"nın serverlərində yalnız şifrlənməmiş trafik sıxılır. Əgər tətbiqdə HTTPS və ya şifrlənmə ilə başqa protokollar istifadə edilirsə, o zaman məlumatlar sıxılmayacaq.

"Opera Max" tətbiqi ödənişsizdir və "Android 4.0" və daha yuxarı versiya ilə işləyən smartfonlara uyğundur. Sözügedən tətbiq hələ ki beta-versiya rejimində işləyir və yalnız ABŞ istifadəçilərinə əlçatandır. Gələcəkdə başqa ölkələrdə də əlçatan olacaq.

Emil Hüseynov




19/12/13    Çap et