Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans işə başlayıb


Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət” mövzusunda konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Milli Məclisin deputatı Fazil Mustafa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, dövlət qurumlarının mətbuat xidməti rəhbərləri və media orqanlarının rəhbərləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli tədbir iştirakçılarına konfrans haqda məlumat verib.
 
“İnformasiya əldə etmək hüququ və açıq cəmyyət” mövzusunun əhəmiyyətini vurğulayan E. Süleymanova informasiya əldə etmək üçün lazımi şəraitin yaradılmasını, eyni zamanda informasiyanın cəmiyyətə ötürülməsini təmin edən jurnalistlərin peşəkar, səriştəli olmasının vacibliyini önə çəkib.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən həyata keçirilən “Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) bu sahədə gördüyü işlərdən söz açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, RİTN görülən işlərin əlaqələndiricisi olaraq, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur - “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir: “Müvafiq infrastrukturun yaradılması üzrə həyata keçirilən fəaliyyətin nəticəsi olaraq, hazırda “E-hökumət” portalından istifadə edənlərin sayı 246 min nəfərə çatıb. Rəqəmlərin müqayisəli təhlili göstərir ki, portala daxil olmalar, eyni zamanda istifadəçilərin portala olan marağının nəticəsi kimi portalda sərf etdikləri vaxt gündən-günə artır. İndi portala daxil olanlar portaldan istifadə edərkən 5 dəqiqə vaxt sərf edirlər”. Portala giriş şaxələrindən də söz açan nazir müavini “www.e-gov.az”-dan istifadə üçün təklif olunan autentifikasiya vasitələrinin sayının artırılaraq, artıq beşinci vasitənin də istifadəçilərin ixtiyarına verildiyini bildirib:

“Bunlardan biri e-imzanın tətbiqidir. İndi mobil telefonlardan da “E-hökumət” portalına giriş mümkündür. Həmçinin dövlət qurumları tərəfindən əldə edilən e-imzaların sayı 13 min, vətəndaşlar tərəfindən isə əldə edilən e-imzaların sayı  6 minə çatıb. E-imzaya sahib olanların sayı artdıqca “Elektron hökumət” portalına da giriş artır. “Bakutel-2013” sərgisində 4 gündə 1048 nəfərə pulsuz e-imza verildi. Artıq e-imzaya sahib olanların say artımı göstərir ki, vətəndaşlar “Elektron hökumət” portalından istifadə etməyə maraq göstərirlər. Bu isə vətəndaşların xidmət almalarını asanlaşdırır”.
 
Həqiqət İSABALAYEVA




19/12/13    Çap et