“Android” əlavələr populyarlaşır, “iOS” proqramlar lider olaraq qalır
“Android” əməliyyat sistemi üçün əlavələr dünya miqyasında satış həcminə görə “iOS” əməliyyat sistemi üçün proqramlar ilə fərqi tədricən azaldır.
Belə ki, “Distimo” analitik şirkətinin qiymətləndirməsinə əsasən, hazırda “Android” məhsulların ümumi mobil əlavələrdə (yalnız adı çəkilən iki platforma, “Windows Phone” və digər sistemlər nəzərə alınmır) payı 37 faiz təşkil edir ki, bu da iyun göstəricisindən 7 faiz çoxdur.
Bununla belə, bazarın mütləq lideri “iOS” əməliyyat sistemidir. Bu sistemin proqramlarının ümumi satış həcmində payı təxminən 63 faizə yaxındır.
Hər gün 200 populyar “iOS” proqram 18 milyon dollar gəlir gətirdiyi halda bir il əvvəl bu göstərici 15 milyon dollara bərabər olub. Müqayisə üçün qeyd edək ki, 12 ay ərzində ən çox tələbatın olduğu “Android” əlavələrin satışından əldə olunan gəlir 3,5 milyon dollardan 12 milyon dollaradək (3 dəfədən çox) artıb. Analitiklər bunu “Google” şirkətinin yanaşmasının “Apple” şirkəti ilə müqayisədə bir qədər fərqli olması ilə izah edirlər. Belə ki, istənilən avadanlıq istehsalçısı öz qurğularında “Android” əməliyyat sistemindən istifadə edə bilər ki, bunun da nəticəsində hazırda bazarda çoxlu “Android” sistemli qurğular satılır.
“Gartner” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə ümumilikdə 269 milyard əlavə yüklənəcək, əldə olunan mədaxil 76,5 milyard dollar təşkil edəcək, - “3DNews
www.3dnews.ru” yazır.