Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hökumət Ödəniş Portalında yaxın gələcəkdə əlavə ödəniş metodları tətbiq olunacaq
Hökumət Ödəniş Portalına (HÖP) yaxın gələcəkdə sistem çərçivəsində əlavə ödəniş metodlarının (e-pul, ödəniş terminalları, smart-kartlarla inteqrasiya) tətbiqi və daha geniş funksional imkanların yaradılması nəzərdə tutulur.
Portal “SİNAM” şirkəti tərəfindən istifadəyə verilib. Hazırda portala 59 təşkilat qoşulub. Portal bir sıra nazirliklərə, Dövlət Gömrük Komitəsinə, Dövlət Sosial Müdafiə Fonduna, Baş Dövlət Yol Polisinə, kommunal təşkilatlara və 46 maliyyə qurumuna (banklar, poçt) xidmət göstərir.
Sistem vasitəsilə ayda 70 milyona qədər məbləğdə ödənişlər yığılır və respublika büdcəsinə daxil edilir. Ödənişlər 1836 filialda real rejimdə fəaliyyət göstərən ödəniş məntəqələrində, 3286 bank əməliyyatçısı tərəfindən nağd şəkildə və POS-terminallardan istifadə edilməklə ödəniş kartları vasitəsilə toplanır. Bundan əlavə, plastik kartlarla internet, bankomat vasitəsilə bank hesabından ödəniş etmək də mümkündür.
HÖP sistemi bütün vergilərin, rüsumlarının və başqa ödənişlərin vahid bir portal vasitəsilə respublika büdcəsinə ödənilməsini və onların respublika xəzinədarlığına çatdırılmasını təmin edir. Layihənin birinci mərhələsi – KÖMİS sistemi 2008-cı ilin əvvəllərində “SİNAM” şirkəti tərəfindən istifadəyə verilərək, kommunal ödənişlərin yığımını təmin edirdi. 2013-cü ildə isə bu sistem inkişaf etdirilərək Hökumət Ödəniş Portalına transformasiya edildi. Hökumət Ödəniş Portalını səciyyələndirən bir sıra əsas xüsusiyyətləri qeyd etmək olar. Belə ki, sistem “Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılıb.
Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin istifadəyə verilməsi nəticəsində abonentlərə sistemə qoşulmuş maliyyə qurumlarının istənilən ödəniş xidməti nöqtəsində kommunal xidmət borcları haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, plastik kartlar, bank köçürmələri, “Internet Banking”) vasitəsilə ödəniş aparmaq imkanı yaradılıb. Sistemə qoşulmuş kütləvi xidmət müəssisələrinin xeyrinə qəbul edilən ödənişlər haqqında məlumatlar 30 saniyə ərzində həmin təşkilatlara çatdırılır. Eyni zamanda iştirakçı təşkilatların daxili informasiya sistemi ilə yaradılmış yüksəksəviyyəli məlumat mübadiləsi interfeysi vasitəsilə bu təşkilatların elektron abonent bazasında baş verən dəyişikliklər real rejimdə mərkəzi informasiya bazasına ötürülür. Sistemə qoşulan təşkilatlar üçün baş vermiş ödənişlər haqqında real vaxt rejimində bildirişlər almaq, bank hesablarına maksimal sürətlə çatdırılma, şəffaf statistik hesabatlar, onların daxili uçot sistemləri ilə inteqrasiya imkanları təmin edilib.
Sistem “Elektron hökumət” konsepsiyasının əsas komponentlərindəndir və respublikada nağdsız ödənişlərin inkişafına xidmət edir. Müştərilər üçün rahat mühit, bütün ödənişlərin vahid pəncərədən ödənilməsi, ödəniş çeklərinin çap olunması və e-mail göndərilməsi, arxivin izlənməsi, yaranmış borc haqqında sms və e-mail bildirişlər göndərilməsi, borcların onlayn rejimində öyrənilməsi imkanları yaradılıb.
Sistemin şəbəkəsi və istifadəçilərin mərkəzi serverə bağlantısı respublikada mövcud olan ən təhlükəsiz şəbəkə üzərində qurulub. Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün elektron açar və elektron imzadan istifadə olunur. Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur. Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilər üçün mövcud məlumatlar əsasında müxtəlif analitik hesabatlar hazırlamasına imkan yaradır, şəffaflığı artırır.
Şübhəsiz ki, belə bir sistem həm ödəyicilər, həm hökumət təşkilatları, həm də maliyyə qurumları üçün çox faydalıdır. Sistemin respublikada tətbiqi maliyyə və bank sektorunun inkişafına, nağdsız ödənişlərin həcminin artmasına, şəffaflığın inkişafına və digər mühüm problemlərin həllinə təkan verməsi cəhətdən respublikada “elektron hökumət”in yaradılmasına öz töhfəsini verməkdədir.
Həqiqət İSABALAYEVA
20/12/13 Çap et