Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” İspaniyada məlumatlar haqqında qanunu pozduğuna görə 1,2 milyon dollar cərimələnib



“Google” şirkəti İspaniyada məxfilik haqqında qanunu pozduğuna görə 1,2 milyon dollar (900 min avro) cərimə olunub. Ölkənin İnformasiya Mühafizəsi Agentliyi internet nəhənginə hər qanun pozuntusuna görə 300 min avro məbləğində üç cərimə tətbiq edərək şirkətdən təcili olaraq qanun çərçivəsində fəaliyyət göstərməyi tələb edib.

Agentliyin məlumatına görə, “Google” fərdi məlumatları qanunsuz toplayaraq emal edir və bunu nə məqsədlə etməsini açıqlamır. Fərdi məlumatlar qeyri-müəyyən vaxt ərzində toplanaraq saxlanılır. Şirkətin İspaniyadakı nümayəndəsi Marisa Toro onların bu bəyanatı araşdırdığını bildirib.     

Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Niderlandın informasiya mühafizəsinə məsul olan təşkilatları da bildiriblər ki, “Google” bu ölkələrin milli informasiya mühafizəsi qaydalarına uyğun fəaliyyət göstərilməsi ilə bağlı əlavə zəmanətlər verməlidir.  

Qeyd edək ki, il ərzində Avropa İttifaqının bir neçə ölkəsi “Google”a korporativ məxfilik siyasəti ilə bağlı iradlarını bildirib, İspaniya isə şirkəti məxfilik haqqında qanunun beş bəndini pozmaqda ittiham edib.
Ötən il “Google” reklam elanlarını fərdiləşdirmək məqsədilə istifadəçilərin şirkətə məxsus bir sıra saytlarından, o cümlədən  “Gmail”, “YouTube” və “Google+” xidmətlərindən istifadə etmələri ilə bağlı məlumatları mərkəzləşdirilmiş qaydada toplayacağını elan edib.   

Bununla bağlı Avropa İttifaqı nümayəndələri bu qərara yenidən baxmağı tələb edir. 2012-ci ilin oktyabrında Aİ korporativ fərdi məlumat qaydalarını Avropa normalarına uyğunlaşdırmaq üçün “Google”a dörd ay vaxt verib. Lakin verilən müddət başa çatdıqdan sonra şirkət tərəfindən məsələnin həlli üçün heç bir addımın atılmadığını görən bir neçə Avropa ölkəsi müstəqil şəkildə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.    

“Google” ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda “Google” dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.  

“Google” axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” poçt servisi və “Google+” sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır, - “RBK www.rbc.ru” yazır.  







20/12/13    Çap et