Kaliforniyada mobil telefonların oğurlanması mənasız olacaq
ABŞ-ın Kaliforniya ştatında mobil telefon oğurluğunu mənasız məşğuliyyətə çevirəcək qanunun qəbul edilməsi gözlənilir. Belə ki, yerli hakimiyyət orqanları yanvarda ştatın ərazisində satılan bütün mobil telefonların xüsusi proqram təminatı (oğurlanan telefonların uzaq məsafədən söndürülməsinə imkan verən proqram) ilə təchiz edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq.
Qanun qəbul edilsə, digər ştatların hakimiyyət orqanları da analoji addım ata bilər və nəticədə belə funksiya yerli hakimiyyətlərin təşəbbüsündən asılı olmayaraq gələcəkdə bütün mobil telefonlar üçün standart ola bilər.
Kaliforniyada qanun layihəsi demokratik partiyanın nümayəndəsi Mark Leno və San-Fransisko dairə prokuroru Corc Qaskon tərəfindən müzakirəyə çıxarılıb. Məhz prokuror ABŞ-ı bürüyən smartfon oğurluğu ilə mübarizənin əsas təşəbbüskarı olub. Məsələn, San-Fransiskoda baş verən küçə cinayətlərinin təxminən yarısı telefon oğurluğu ilə bağlıdır. Smartfonlar tapança və ya soyuq silahla hədə-qorxu gəlməklə sahiblərinin əlindən alınır.
C.Qaskon və onun Nyu-Yorkdan olan həmkarı Erik Şneyderman operator və istehsalçıları smartfon oğurluğunu mənasız edəcək texnoloji həll hazırlamağa səsləyib. Buna cavab olaraq, məsələn, “Apple” şirkəti artıq prokurorların çağırışına səs verib və “iOS 7” əməliyyat sistemində smartfonun uzaq məsafədən söndürülməsi funksiyasını tətbiq edib. Oxşar funksiya “Samsung” telefonlarında da yer alıb. Bu problemlə dövlət səviyyəsində məşğul olunsa və müvafiq qanun qəbul edilsə, digər istehsalçılar da eyni addımı atmaq məcburiyyəti ilə üzləşəcək, - "3DNews
www.3dnews.ru” yazır.