Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft-Azerbaijan” şirkəti: “Azərbaycanın İT sahəsində əldə etdiyi nailiyyətlər dövlətin qayğısından impuls alır”


"Microsoft-Azerbaijan" şirkəti  Azərbaycanda İT sahəsində həyata keçirilən layihələrin uğurlu həyata keçirilməsində dövlət və özəl sektorun birgə fəaliyyətinin böyük rol oynadığını hesab edir.
Şirkətin rəhbəri Rüfət Hacıəlibəyov bildirib ki, bütün bunlar ölkə başçısının informasiya texnologiyalarının inkişafına verdiyi önəm sayəsində mümkündür.

"Bir çox ölkələrdə informasiya texnologiyaları sahəsində dövlət strategiyasının həyata keçirilməsinə baxmayaraq dövlət strukturlarının İT təminatı eyni səviyyədə təmin edilməyib. Azərbaycanda isə ölkə başçısının dövlət resurslarının effektiv idarə edilməsində  informasiya texnologiyalarının tətbiqinə göstərdiyi diqqət nəticəsində bu istiqamətdə birgə fəaliyyət aparılır və özəl şirkətlər inkişaf üçün bundan impuls alırlar. Biz çox ümid edirik ki, gələcəkdə dövlət sektoru ilə yanaşı, özəl strukturlar da informasiya texnologiyalarının eyni sürətlə effektiv tətbiqinə başlayacaq",- deyə o bildirib.

R. Hacıəlibəyovun sözlərinə əsasən, dövlət strukturlarının proqram təminatlarının lisenziyalaşdırılması üzrə müqavilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə   bağlanılıb və hazırda qanunverici orqanlarla birgə müəllif hüquqlarının təmin edilməsinə nəzarət sahəsində daha ciddi yanaşmanın tətbiqi üzərində işlər aparılır.

"Dövlət strukturlarının proqram təminatlarının lisenziyalaşması layihəsinin birinci mərhələsində dövlət qurumlarına 10 min lisenziyalı proqram təminatı təqdim edilib. Hazırda dövlət qurumlarının istifadə etdiyi kompüterlərin sayının ən azı 100 min olduğunu nəzərə alsaq, bu dövlət qurumlarının istifadə etdiyi kompüterlərin cəmi 10%-i proqram təminatı ilə təmin edilib, lakin bu belə deyil. Reallıqda lisenziyalı proqram təminatının istifadə səviyyəsi dövlət strukturlarında daha çoxdur, çünki dövlət leqallaşdırma proqramı ilə yanaşı, strukturlar özləri onlara tələb olunan digər lisenziyalı proqram təminatları alırlar. Hazırda biz bu layihənin  ikinci mərhələsinin həyata keçirilməsi məsələsini müzakirə edirik və növbəti mərhələdə 30 min proqram təminatının tətbiqini nəzərdə tutmuşuq. Qeyd edim ki, lisenziyalı proqram təminatının tətbiqi sahəsində kommersiya strukturları dövlət sektorunun fonunda çox passiv fəaliyyət göstərirlər",- deyə o bildirib.

Aynur Vəliyeva
 




24/12/13    Çap et