Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gənc alimlərə informasiya-kommunikasiya texnologiyalarını mükəmməl öyrənmək və innovativ proseslərdə fəal iştirak etmək tövsiyə edilir


Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə gənc alimlərə informasiya-kommunikasiya texnologiyalarını və xarici dilləri mükəmməl öyrənməyi tövsiyə edib. Bu tövsiyələrini institut və təşkilatlarda təsis edilmiş Gənc alim və mütəxəssislər şuralarının sədrləri ilə görüşündə səsləndirən akademik gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldığını, dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etmələri üçün tədbirlər görüldüyünü nəzərə çatdırıb.
 
AMEA prezidenti ölkəmizdə “İKT ili” ilə bağlı cari ildə akademiyada keçirilən tədbirlərdən də danışıb. AMEA-dan verilən məlumata görə, Azərbaycan elminin gəncləşməsi istiqamətində həyata keçirilən layihələrdən söhbət açan akademiya rəhbəri gənc alim və mütəxəssislərin üzərinə düşən vəzifələri ifadə edib.
 
 
Görüşdə professor Rasim Əliquliyev də çıxış edərək gənc alim və mütəxəssislərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, akademiyada aparılan gənclər siyasətindən, onların sosial problemlərinin həlli istiqamətində görülən əməli tədbirlərdən danışıb.
 
2014-cü ildə gənclərlə bağlı keçiriləcək beynəlxalq konfrans haqqında məlumat verib. Gənc alim və mütəxəssislərə ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması ilə bağlı innovativ proseslərdə fəal iştirak etməyi, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsini tövsiyə edib.
 
Həqiqət İSABALAYEVA




25/12/13    Çap et