Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yevlaxda regional alternativ provayder mərkəzinin açılışı olub
“Aztelekom.net” İnternet Server Provayderinin Yevlax telekommunikasiya qovşağında yaradılmış regional alternativ provayder mərkəzi istifadəyə verilib.
Bu münasibətlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Aztelekom” İstehsalat Birliyinin (İB), Yevlax Şəhər İcra Hakimiyyətinin məsul işçilərinin və ətraf rayonların telekommunikasiya qovşaqları rəislərinin iştirakı ilə mərasim keçirilib.
“Aztelekom” İB-nin baş direktorunun müavini Mehman Həsənov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov, Yevlax telekommunikasiya qovşağının rəisi Şahlar Vəliyev və başqaları çıxış edərək son illərdə ölkədə informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük inkişafa nail olunduğunu bildirmiş, bu sahədə əldə olunan uğurlardan danışıblar.
Qeyd edilib ki, regional alternativ provayder mərkəzi “İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planına uyğun olaraq genişzolaqlı internet istifadəçilərinə yüksək keyfiyyətli, dayanıqlı internet xidmətləri göstərmək məqsədi ilə yaradılıb.
Ən müasir texnologiyaların quraşdırıldığı yeni internet mərkəzi Yevlax, Mingəçevir, Naftalan, Samux, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İmişli, Beyləqan, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Göygöl, Daşkəsən, Mərəzə, Ağsu, İsmayıllı, Göyçay, Zərdab, Ucar sakinlərinə xidmət göstərəcəkdir. Bununla həm qərb regionunda internet xidmətinin keyfiyyəti dəfələrlə artacaq, həm də digər bölgələrin genişzolaqlı internet istifadəçiləri üçün günün istənilən vaxtı yüksək sürətli xidmət təmin olunacaqdır.
Tədbirdə genişzolaqlı internet xidmətinin 100 mininci və Yevlax telekommunikasiya qovşağının 3 mininci abonentinə, həmçinin bir qrup əlaçı şagirdə hədiyyələr təqdim olunub.
Sonra tədbir iştirakçıları mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
25/12/13 Çap et