“Microsoft” yeni məlumat emalı mərkəzinin tikintisi üçün yer alıb
“Microsoft” korporasiyası Vaşinqton ştatının Kuinsi şəhərində 11 milyon dollara 200 akr torpaq sahəsini satın alıb.
“The Seattle Times” nəşrinin məlumatına görə, başa çatdırılması 2014-cü ilin yanvarında gözlənilən sövdələşmə Kuinsinin torpaq paylarının satılması tarixində ən iri satış hesab edilir.
Şəhərin qərb hissəsində yerləşən ərazidə korporasiya yeni məlumat emalı mərkəzinin inşasını planlaşdırır. İstehsalçı burada 75 akr ərazidə yerləşən və 2007-ci ildə istifadəyə verilən məlumat emalı mərkəzinə sahibdir.
Yeni mərkəzin inşasına gələn ilin yazında başlanılması nəzərdə tutulur. “Microsoft” nümayəndələrinin sözlərinə görə, tikintinin son mərhələsinin başa çatdırılması 2015-ci ilin birinci yarısına planlaşdırılır. Mərkəz istifadəyə verildikdən sonra burada təxminən 100 nəfər çalışacaq.
“Bulud” texnologiyalarına artan tələbat məlumat emalı mərkəzlərinin tutumunun artırılmasını zəruri edir. Kuinsi şəhəri məlumat emalı mərkəzlərinin yerləşməsi üçün populyar yerdir. Belə ki, “Dell”, “Intuit”, “Yahoo!” və digər internet şirkətlərinin məlumat emalı mərkəzləri burada fəaliyyət göstərir. Şəhərin yaxınlığında Kolumbiya çayının sahilində iki su elektrik stansiyası yerləşir ki, bu da öz mərkəzləri üçün daimi elektrik enerjisinin verilməsini başlıca vəzifə hesab edən internet şirkətləri üçün böyük əhəmiyyət kəsb edir. Bundan başqa, şəhərin telekommunikasiya infrastrukturu yüksək inkişaf edib. İnfrastruktura texniki dəstəyi ABŞ-ın nəhəng telekommunikasiya şirkətlərindən biri “Level 3” göstərir. Odur ki, inşası nəzərdə tutulan məlumat emalı mərkəzi məlumatların yüksək sürətlə ötürülməsində problemlə üzləşməyəcək, - "CNews”
www.cnews.ru yazır.