Avropa “5G” şəbəkələri sahəsində aparılan tədqiqat layihələrini açıqlayıb
Bu yaxınlarda yaradılan “5GPPP” Assosiasiyasının idarə heyətinin sədri Verner Mor Avropa İttifaqının (Aİ) beşinci nəsil mobil rabitə şəbəkələrinin (5G) inkişafı ilə bağlı planlarını açıqlayıb.
Onun sözlərinə görə, 2014-cü ildə gələcək yüksəksürətli simsiz servislərin istifadəsi ilə bağlı məsələlərin işlənməsi üzrə 20-dək tədqiqat layihəsinin təşəbbüsü irəli sürüləcək. Aparılacaq işlərə 250 milyon avro məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
“5G” şəbəkələrinin qurulmasına 2020-ci ildə başlanılması gözlənilir. Nəzəri baxımdan bu texnologiya 10 və ya 20 Qbit/saniyəyədək buraxılış qabiliyyətini təmin edəcək. Müqayisə üçün qeyd edək ki, müasir “LTE” (4G) şəbəkələri məlumatların qəbulu üçün 326,4 Mbit/saniyəyədək, ötürülməsi üçün 172,8 Mbit/saniyəyədək maksimal sürətə imkan verir.
V.Mor qeyd edib ki, hələlik heç kim beşinci nəsil şəbəkəsinin necə olacağı barədə qəti fikir söyləyə bilməz, çünki onların quraşdırılması üçün bir neçə mümkün ssenari mövcuddur. Xüsusilə, 30-300 QHs tezliyindən istifadə imkanı nəzərdən keçirilir.
“5G” şəbəkələri məlumatların ötürülməsi sürətini növbəti səviyyəyə keçirməyə imkan verməklə yanaşı, keyfiyyətli yeni servislər yaratmağa şərait yaradacaq. Məsələn, bu siqnalın ötürülməsini millisaniyə və ya yüz mikrosaniyə səviyyəsində yubadan kompüterlərarası əlaqə sistemləri (М2М) ola bilər.
“5GPPP” Assosiasiyasına 35 şirkət üzvdür. Onlar arasında “Alcatel-Lucent”, “CEA-LETI”, “Deutsche Telekom”, “Ericsson”, “Huawei”, “NEC”, “Nokia Solutions and Networks”, “Sequans” və “Telefonica” kimi şirkətlər yer alıb. Assosiasiyanın yaxın yeddi il üçün nəzərdə tutulan büdcəsi 1,8 milyard dollar məbləğində qiymətləndirilir.
Qeyd edək ki, bir müddət əvvəl Avropa İttifaqının rəqəmli proqramlar üzrə səlahiyyətli nümayəndəsi Neeli Krus Aİ tərəfindən beşinci nəsil şəbəkə standartının işlənib hazırlanmasına 50 milyon avro ayrıldığını bildirib.
N.Krus qitədə Avropa İttifaqının 27 ölkəsinin 17-də mövcud olmayan və standartların pərakəndəliyi səbəbindən bəzi hallarda uyğunsuzluq yaradan “4G” şəbəkəsinin yayılmasını kəskin tənqid edib. Yeni maliyyələşdirmənin məqsədi kimi standart tərtibatçılarının dəstəklənməsi və stimullaşdırılması, habelə bunun nəticəsi olaraq 2020-ci ilədək Avropada vahid “5G” şəbəkəsinin qurulması göstərilir.
Bu vəsaitdən 16 milyon avro artıq ötən il “Ericsson”, “Alcatel”, “BMW”, “Huawei”, “Nokia” şirkətləri, eləcə də Avropanın mobil rabitə operatorları, bir neçə mərkəz və universitetləri tərəfindən yaradılan “METIS” Tərtibatçılar İttifaqına ayrılıb. Avropa büdcəsindən ayrılan vəsaitlər ittifaqın büdcəsinin təxminən yarısını təşkil edib.
Qeyd edək ki, beşinci nəsil mobil rabitə standartı hələ də tam formalaşmayıb və işlənmə mərhələsindədir, - “3DNews
www.3dnews.ru” yazır.