Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın kabel televiziyaları internet xidmətləri göstərməyə başlayıb


Bakıda keçirilən “Bakutel-2013” sərgi-konfransında yeniliklərlə çıxış edən Azərbaycan şirkətlərindən biri də “KATV1” kabel televiziyası oldu. Şirkət özünün yeni məhsullarını nümayiş etdirərək internet xidmətlərinin genişləndirilməsi istiqamətində hərtərəfli işə start verib.
 
Qeyd edək ki, 2006-cı ildən etibarən fəaliyyətə başlayan “KATV1” kabel televiziyasına Milli Televiziya və Radio Şurası tərəfindən 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.  2011-ci ildə isə bu razılıq daha 6 il müddətinə artırılıb. 2006-cı ilin əvvəlində hibrid optik  lifli koaksial multimedia şəbəkəsinin tikintisinə başlayan şirkət gün-gündən əhatə dairəsini genişləndirməkdədir.
 
Bundan əlavə, “KATV1” kabel operatoru abunəçilərə yüksəksürətli internet xidmətləri də təklif edir. Aparılmış marketinq tədqiqatları nəticəsində “KATV1” kabel operatoru  tərəfindən əhalinin müxtəlif təbəqələri üçün dünyanın aparıcı kanallarının kontenti seçilib, analoq və rəqəmsal (SD və HD) formatda abunəçilərə təqdim edilir. Şirkət eləcə də öz müştəriləri üçün retranslyasiya olunan kanalların yayım proqramını və dünyada telekommunikasiya texnologiyalarının inkişafını əks etdirən həftəlik qəzetin buraxılışına başlayıb.
 
Azərbaycan Kabel Televiziyaları Assosiasiyasının prezidenti, “KATV1”-in baş direktoru Samir Qurbanov “Rabitə dünyası”na həyata keçirilən layihələr haqqında danışaraq bildirib ki, 2012-ci ildən şirkət internet xidmətləri göstərməyə başlayıb. Onun sözlərinə görə, gələn ilin ortalarına qədər abunəçilərin, demək olar ki, 80-90 faizinə hər iki xidmət təqdim olunacaq.
 
Şirkətin 2013-cü il “İKT ili” çərçivəsində atdığı addımlara toxunan S.Qurbanov cari ildə bir çox nailiyyətlərinin olduğunu vurğulayıb. O bildirib ki, kabel televiziyasının əhatə dairəsinin genişləndirilməsi uçun yeni ofislər fəaliyyətə başlayıb, yeni ərazilər kabelləşdirilib.
 
 Qaradağ və Binəqədi  rayonlarında yaşayanlara da kabel TV xidmətlərindən yararlanmaq imkanı yaradılıb: “Bundan əlavə, biz daha bir yeni layihə “myvideo.az” videoportalını təqdim etdik. Bu layihə vasitəsi ilə internet üzərindən telekanalların izlənilməsini təmin etdik. “Bakutel-2013” sərgisində də bu yeniliyin təqdimatı  böyük maraqla qarşılandı. Əgər mənzildə 2 meqabit sürətində internet varsa, artıq onunla televiziya kanallarına rahat baxmaq mümkündür.
 
Eyni zamanda, saytda efirə getmiş proqramların 10 gün müddətində arxivi saxlanılır. Yəni istənilən şəxs ötən 10 gün müddətində baxa bilmədiyi verilişləri izləyə bilər. Biz Azərbaycanda bütün kanalların onlayn yayımını təqdim etmək üçün platforma yaratdıq. Bu günə qədər kanallarımızın təxminən yarısının onlayn yayımı yox idisə, artıq onların hamısına internet üzərindən baxmaq mümkündür. Bu xidmət imkan verir ki, TV-lərimiz hansısa bir kiçik bir coğrafiyada deyil, bütün dünya üzrə izləyicisini toplaya bilsin. Bu da bizim əldə etdiyimiz böyük nailiyyətlərdən biridir. Bu layihədə  təkcə Azərbaycan kanallarını deyil, eyni zamanda türk, rus və digər kanalları izləmək mümkündür”.
 
 
Cari ildən yeni texnologiya əsasında “ethernet” şəbəkəsi üzərindən internet xidmətinin tətbiqinə başlanıldığını söyləyən S.Qurbanovun sözlərinə görə yeni texnologiyanın bir sıra üstünlükləri var. Onun vasitəsi ilə interaktiv internet xidmətlərini göstərmək mümkündür. Gələcəkdə sifarişli videolar, sifarişli telekanallar  və digər servislərdən də istifadə ediləcəyini deyən baş direktor 2013-cü ildə bir çox kanallarla birgə beynəlxalq layihələrə dəstək verməyə başladıqlarını önə çəkib.
Azərbaycan Kabel Televiziyaları Assosiasiyasının fəaliyyəti haqqında danışan S.Qurbanov bildirib ki, ölkədə genişmiqyaslı kabel TV hərəkatı 2006-cı ildən başlayıb. Çünki həmin il xarici kanalların milli tezliklərdə yayımı dayandırılıb:
 
“Bundan sonra kabel televiziyaların fəaliyyəti genişləndi. Hazırda 5-6 böyük kabel TV şirkətləri fəaliyyət göstərir. Biz assosiasiya olaraq gəncik. Lakin üstünlüyümüz o oldu ki, regiondakı təcrübəni öyrəndik. Onların buraxdığı səhvləri analiz etdik. İstədik ki, burada fəaliyyətə başlayan şirkətlər eyni səhvlərə yol verməsin. Hazırda fəaliyyət elə qurulub ki, inkişaf gedir. Məsələn, qonşu respublikalara nəzər yetirsək, orada bu günə qədər kabel operatorları arasında düzgün rəqabətin qurulmadığını müşahidə edərik.  Hazırda assosiasiya olaraq ən böyük məqsədimiz ölkə ərazisində fəaliyyət göstərən bütün kabel və İPTV operatorların xarici telekanalların leqal yayımını təmin etməkdir. Çünki əks təqdirdə bu həm kabel televiziyası bazarında haqsız rəqabətə yol açır, həm də Azərbaycanın böyük kabel yayım şirkətlərinin nüfuzuna zərbə vura bilər”.
 




26/12/13    Çap et