Çin mobil rabitə bazarında özəl şirkətlərin fəaliyyətinə icazə verib
Çin ilk dəfə ölkənin mobil rabitə bazarında özəl şirkətlərin fəaliyyətinə icazə verib. İlk icazələri on bir şirkət alıb.
Lisenziyanın alınması özəl müəssisələrə dövlət mobil rabitə operatorlarının – “China Mobile”, “China Unicorn” və “China Telecom” şirkətlərinin infrastrukturunun bir hissəsini icarəyə götürməyə imkan verəcək. Ölkənin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi bildirib ki, nazirlik dövlət mobil rabitə şirkətlərinin özəl müəssisələrlə birgə fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Fəaliyyət üçün icazə alanlar arasında “Alibaba Group” onlayn mağazasının bölməsi “Net.cn”, həmçinin “Jingdong Century Trading”, mobil telefon satışı ilə məşğul olan nəhəng “DiXin Tong” kimi şirkətlər yer alıb.
Özəl şirkətlərə lisenziyaların verilməsi Çinin mobil rabitə bazarında rəqabətin artırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması üzrə ikiillik sınaq proqramının tərkib hissəsini təşkil edir. Proqnozlara əsasən, 2018-ci ilədək özəl operatorların payı bazarın 10 faizinə bərabər ola bilər. “Bloomberg” agentliyi Çinin mobil rabitə bazarının illik dövriyyəsini 213 milyard dollar dəyərində qiymətləndirib. Ümumilikdə isə Çində 1,2 milyard mobil rabitə istifadəçisi var.
“China Mobile” dövlət müəssisəsi dünyanın ən nəhəng mobil rabitə şirkəti hesab edilir. 2013-cü ilin üçüncü rübünə olan vəziyyətə görə, şirkətin 755 milyon nəfər abunəçisi olub. Qeyd olunan dövr ərzində operatorun xalis gəliri 4,7 milyard dollara çatıb, - "Lenta
www.lenta.ru” yazır.