Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkədə ilk dəfə “Temenos” Baş Mühasibat Sisteminin yeni versiyası tətbiq edilib


Mərkəzi Bankda (MB) müasir standartlara cavab verən informasiya texnologiyaları infrastrukturunun qurulması, avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və onların daim təkmilləşdirilməsi, habelə mövcud informasiya resurslarının digər sistemlərlə inteqrasiyasının təşkil edilməsi prioritet hədəflərdəndir.
 
Bu hədəfin realizasiyası çərçivəsində MB-da istismarda olan “Temenos” Baş Mühasibat Sisteminin texniki və proqram platformasının modernləşdirilməsi həyata keçirilib. Bu məqsədlə beynəlxalq aləmdə gedən texniki-proqram məhsullarının inkişafı tendensiyasına uyğun olaraq, sistemin yeni – “R13” versiyası ölkədə ilk dəfə Mərkəzi Bankda müvəffəqiyyətlə tətbiq edilib. Layihənin icra müddətinin bir il olmasına baxmayaraq “Temenos” Baş Mühasibat Sistemi altı ay ərzində yenilənərək istismara verilib.
 
Bankdan bildirilib ki, layihənin realizasiyası müddətində Baş Mühasibat Sisteminin yeni funksional imkanları nəzərə alınmaqla sistem yenidən qurulub, əməliyyat, uçot və idarəetmə sahəsinə dair modullar üzrə təkmilləşmə işləri həyata keçirilib və kənar dövlət qurumlarında (Azərbaycan Respublikası Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjası, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, MilliKart Prosessinq Mərkəzi) yerləşdirilmiş iş yerlərinin informasiya sistemində davamlı fəaliyyəti təşkil olunub.
 
 
Həqiqət İSABALAYEVA




27/12/13    Çap et