Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İraq naziri: “Peykin əhatə dairəsinə daxil olan ölkə kimi, biz də “Azərspace”in xidmətlərindən yararlanmaq istəyirik”


Hələ 1979-cu ildə Bakı və İraqın Bəsrə şəhərinin qardaşlaşmasına dair sənəd imzalanıb. Müstəqil Azərbaycanla İraq arasında diplomatik münasibətlərin tarixi isə 1992-ci ildən başlayır və həmin il bu ölkənin Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən səfirlik statusuna qaldırılıb. Ötən müddətdə Azərbaycanın İraqla BMT və İKT çərçivəsində əlaqələri elm, təhsil, mədəniyyət sahələrini əhatə edib. Hazırda da yaxın münasibətləri inkişaf etdirməkdə olan ölkələr arasında əməkdaşlıq əlaqələri yeni bir inkişaf mərhələsinə daxil olur. “Rabitə dünyası”na eksklüziv müsahibəsində İraq Respublikasının vilayətlərlə iş üzrə dövlət naziri və rabitə naziri əvəzi Torhan Müdhir Həsən əl-Müfti informasiya-kommunikasiya texnologiyaları sahəsində qurulan  əməkdaşlıqdan, eləcə də bu sahədə beynəlxalq münasibətlərdən söz açıb.
 
“Azərbaycanla İraqın bütün sahələrdə münasibətləri daha da irəli getməlidir”
 
- Azərbaycan və İraq arasında qurulan İKT əməkdaşlığının bugünkü mərhələsi haqda nə demək olar?
 
 
- Azərbaycanla İraq arasında diplomatik əlaqələr necə il bundan əvvəl qurulub və biz bu münasibətlərin daha da inkişaf etdirlməsinə maraq göstəririk. Eyni zamanda ölkəmiz Azərbaycanın bu sahədə həyata keçirilən layihələri ilə də maraqlanır. Məsələn, İraq da milli peykə malik olmaqla bağlı layihə üzərində işləyir. Amma bu proses təxminən 2-3 il vaxt tələb edə bilər. Layihə reallaşana qədər isə Azərbaycanın telekommunikasiya peyki “Azərspace”in xidmətlərindən bizim istifadə imkanlarımızın araşdırılması çox mühümdür. Peykin əhatə dairəsinə daxil olan ölkə kimi biz də bu imkanlardan yararlanmaq istəyirik. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanla İraqın bütün sahələrdə münasibətləri daha da irəli getməlidir. Bu baxımdan, səfər çərçivəsində imzalanan sənəd ölkələri daha da yaxınlaşdıracaq. Bu saziş təhsil, səhiyyə, xidmət və telekommunikasiya və s. sahələri əhatə edir.
 
“Tarixdə ilk dəfə İraq sualtı kabel xəttindən istifadə edir”
 
- Bu gün ölkənizdə İKT sahəsinin ümumi inkişaf mənzərəsi necədir?
 
- İlyarım bundan əvvəl biz informasiya texnologiyaları sahəsi üzrə yeni sistemli siyasət formalaşdırdıq. 2011-ci ildən etibarən İraqda 9 HTN-1 var idisə, 2012-ci ildə 89 HTN-1 oldu. Bu gün isə ölkəmizdə 230-dan çox HTN-1 var və onların sayı internetin geniş istifadəsi ilə artmağa başladı. Nəticədə biz internetin qiymətlərini aşağı saldıq. Əlbəttə, HTN-lərin İraqa gətirilməsi 88 min dollardan artıq vəsaitə başa gəlirdi və ən bahalı məhsullardan biri idi. İndi isə bu rəqəm 20 min dollar təşkil edir. Düzdür, hələ də bahadır. Amma qiymətin 88 mindən 20 minə düşməsi ilə biz maya dəyərini aşağı salaraq, internetin xərclərini azaltdıq. Hazırda İraqın 35 faizi internetlə əhatə edilib. 3 mobil rabitə operatorumuz var. “WLL”, Data texnologiya və internet xidmətləri mövcuddur.
 
“İraq Rabitə Nazirliyi İKT sahəsində sərmayələrin həyata keçirilməsinə şərait yaratmağa hazırdır”
 
Bizim məqsədimiz bu xidmətlərlə İraqın bütün ərazisini əhatə etməkdir. Bu ilin sonuna qədər də “3G” texnologiyalarından istifadə edəcəyik və artıq LT texnologiyaları da tətbiq olunur. İraqda indi fiber-optik və infrastrukturun yaradılması layihələri tamamilə həyata keçirilib. Ölkəmiz artıq qlobal xətlərə qoşulur. Biz Süveyş kanalından keçən sualtı kabellərə də qoşuluruq və tarixdə ilk dəfə İraq sualtı kabel xəttindən istifadə edir. Bu ilin sonuna qədər bu layihə həyata keçiriləcək.

Başqa bir məsələni də qeyd etmək istərdim. Əvvəllər internet xidmətlərinin verilməsində bizim nazirlikdə yalnız dövlət şirkəti vardı. İndi isə bu xidmətlərin verilməsində özəl şirkətlər də iştirak edir. Artıq yüksəksürətli genişzolaqlı xidmətlərə keçmişik. Eyni zamanda ölkəmizdə 8 internet xidmət provayderi ( İSP) var, lakin onlar İraqda heç bir siyasəti olmadan, qeyri-sistemli formada yerləşdirilmişdi. İndi isə biz onlar üçün siyasətlər yaratdıq və yanvarın 1-dən etibarən başqa İSP-lərin də fəaliyyətə başlaması üçün təşəbbüslə çıxış edəcəyik. Sahənin inkişaf etdirilməsi üçün İraqda informasiya texnologiyalarına sərmayələr qoyulması da bizim maraq dairəmizdədir. Nazirliyimiz bu sərmayələrin həyata keçirilməsinə şərait yaratmağa hazırdır.  İraq üçün  “FTTH” və “FTTC” əsas məlumat bazaları yaradırıq və başqa cür sərmayələrə də açığıq.
 
 
“Kibertəhlükəsizliyin təmin olunmasına məsuliyyət daşıyan beynəlxalq təşkilat olmalıdır”
 
- Digər nazirlər kimi, siz də “Bakutel-2013” çərçivəsində “Qlobal Kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda keçirilən konfransın iştirakçısı, eyni zamanda əsas çıxışçılarından biri olmusunuz. Konfransda qabardılan məsələnin qlobal aləm üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?
 
- Belə konfranslarda iştirak etməklə biz ölkəmizdə kibertəhlükəsizliklə bağlı mövcud olan problemlərin müvafiq həll yolları haqda məlumatlar əldə edirik. Əfqan həmkarımın fikrini təkrarlayaraq demək istəyirəm ki, İraq dedikdə də ilk növbədə ağlınıza “Əl-Qaidə” terror təşkilatı, müharibə, hücumlar, dağıntılar və s. kimi mənfi təəssürat yaradan anlayışlar gəlir. Amma əlbəttə, bizdə vəziyyət bir qədər başqa cürdür, yəni Əfqanıstandakı kimi deyil. Əvvəlki hakim rejim zamanı İraq uzun müddət embarqo təsiri altında idi. İraqda uzun müddət evlərdə internetin olmasına icazə verilmirdi. Ona görə də bu cür cinayətlər haqda çox danışmırdıq. Yəni İraqda yalnız klassik telefon və poçt idarəsi vardı.

Ölkəmizdə yeni rejim qurulduqdan sonra isə genişzolaqlı internetin və mobil xidmətlərin tətbiqi sürətlə yayılmağa başladı və bizdə Rabitə Nazirliyi yeni formalaşdığına görə bütün bu sahələrdə -  informasiya texnologiyaları, internet xidmətləri, məlumat bazaları sahəsində ekspertizamız yox idi. Rabitə Nazirliyində ilk növbədə bunların tətbiqi üçün bir sıra layihələrə başladıq. Kibertəhlükəsizliyə gəldikdə isə mən də digər iştirakçılar kimi hesab edirəm ki, bu sahədə beynəlxalq hərəkat olmalıdır.

Kibertəhlükəsizliyin təmin olunmasına məsuliyyət daşıyan beynəlxalq təşkilat olmalıdır. Konfrans zamani biz öz tərəfimizdən kibertəhlükəsizlik üzrə belə bir təşkilatın yaranmasını təklif etdik. Qeyd etmək istərdim ki, kiberhücumlara ən çox məruz qalan ölkələrdən biri məhz İraqdır. Çünki terroristlər İraqda məhz bundan istifadə edirlər. Ona görə də kibertəhlükəsizlik sahəsində elə bir təşkilatın mövcudluğu İraq üçün ən vacib məsələlərdən biridir.
 
Həqiqət İSABALAYEVA




28/12/13    Çap et