Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvan Reyestri İnformasiya Sistemi “Elektron hökumət”in tələblərini yerinə yetirəcək


Ünvan Reyestri İnformasiya Sistemi digər informasiya sistemlərinə daşınmaz əmlak obyektinin ünvan məlumatlarını çatdırmaqla “Elektron Hökumət”in tələblərini yerinə yetirəcək və “Elektron Hökumət”in qurulmasına öz töhfəsini vermiş olacaq.

Bu fikir ünvan reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2013-cü il tarixli Fərmanının icrası məqsədi ilə digәr dövlәt orqanlarının malik olduqları informasiya sistemlərinin inteqrasiyasına dair Əmlak Məsələləri Dövlət Komitəsində keçirilən tədbirdə səsləndirilib.

Həmçinin bildirilib ki, bu məqsədlə ölkəmizdə mövcud olan ünvan sistemi təhlil edilib, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə giriş konsepsiyası əsasında Ünvan Reyestri İnformasiya Sistemi hazırlanıb: “Avropanın Milli Məkan Məlumatlar İnfrastrukturu ilə bağlı qəbul olunmuş Direktivlərin tələblərini ödəyən Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında Milli Məkan Məlumatları İnfrastrukturunun qurulması istiqamətində həyata keçirilmiş ilk layihədir. Daşınmaz əmlakın malik olduğu ünvan məlumatları ilə yanaşı, onun coğrafi məlumatlarını da özündə saxlayan Ünvan Reyestri İnformasiya Sistemi Azərbaycan Respublikasında ünvan məlumatlarının yeganə rəsmi mənbəyidir”.

Bundan əlavə qeyd edilib ki, yeni yanaşmalar əsasında tətbiq ediləcək ünvan sistemi ünvanlar haqqında istənilən anda müfəssəl məlumat əldə etmək imkanı yaradacaq, ünvanların axtarış sistemini sadələşdirəcək. Ölkə vətəndaşlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ünvan axtarışı məsələləri qaydaya salınacaq. Nəticədə müxtəlif xidmət sahələrinin fəaliyyətində, eyni zamanda təcili tibbi yardım, poçt xidməti, fövqəladə hallar və sair xidmətlərin fəaliyyəti zamanı operativlik təmin ediləcək, lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq. Eləcə də əhali tərəfindən lazımi ünvanların axtarışında vaxt itkisinin qarşısı alınacaq.

CAHANGİR
 




28/12/13    Çap et