Elmin İnkişafı Fondunun və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə “İKT-2” qrant müsabiqəsinin nəticələri elan olunub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 29-cu bəndinə əsasən "İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi" məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra - Elmin İnkişafı Fondu) cari ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumlarla birgə tədbirlər həyata keçirib.
Elmin İnkişafı Fondu maliyyələşdirdiyi böyük maliyyə həcmli pilot qrant layihələrinin uğurlarını, layihələr çərçivəsində alınaraq quraşdırılmış ultra-modern cihazlarda rəqabət apara biləcək ilkin elmi nəticələrin alınmasını, xaricdə kadr hazırlığının müsbət effektlərini nəzərə alaraq, 2013-cü ildə İKT-nin inkişafına
yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi kimi elan edərək keçirib.
İkinci İKT müsabiqəsi isə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat və b. tipli layihələri əhatə edib.
Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin keçirilməsi haqqında qərarı 5 sentyabr 2013-cü il tarixində internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş və qrant layihələrinin qəbulu üçün müddəti 2013-cü il 6 sentyabr – 7 oktyabr tarixlərini müəyyənləşdirmişdi. Bu müddət ərzində Fondun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət seminarı təşkil edib, telefon və elektron poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirib.
Yuxarıda göstərilən müddət ərzində müsabiqəyə 62 layihə daxil olmuş və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib. 2013-cü il 21 oktyabr – 5 dekabr tarixlərini əhatə edən müddətdə bu layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 10 layihə texniki ekspertiza mərhələsindən keçməmiş, 52 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunublar. Layihələrin qiymətləndirilməsində müsabiqə təşkilatçıları tərəfindən yaradılan birgə komissiya da iştirak edib.
Fondun icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim olunmuş layihələrin cari müsabiqənin elmi prioritetlərinə uyğunluq dərəcəsini müəyyənləşdirib, layihələrin elmi səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını, gözlənilən elmi nəticələrini, mümkün tətbiq ehtimalını ekspertiza qaydalarına uyğun olaraq xüsusi sistem üzrə qiymətləndirib, həmçinin
maliyyələşdirilmənin məqsədəuyğunluğu və həcmi barədə Elmin İnkişafı Fondunun Himayədarlar Şurası üçün rəylər, arayışlar və tövsiyələr hazırlayıb.
Elmin İnkişafı Fondunun icraçı direksiyasının, daimi və müstəqil elmi ekspertlərin hər bir layihə üzrə hazırladığı və statistik məlumatların daxil olduğu yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurasında baxılmış, ekspertiza qaydalarına uyğun olaraq layihələrin yekun toplanmış ballara görə sıralanmış siyahısı və maliyyələşdirilmə həcmi barədə tövsiyələr müzakirə olunmuş və yekun qərar qəbul edilib. Yekun qərar Himayədarlar Şurasının 2013-cü il 27 dekabr tarixli Protokolu ilə təsdiq olunub.
2013-cü ildə keçirilmiş məqsədli birgə İKT müsabiqəsi çərçivəsində 29 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun 2013-cü il 28 dekabr tarixli Qərarı ilə təsdiq olunub. Qalib layihələrin siyahısı ilə bu linkdə
http://sdf.gov.az/qrant/eif_2013_13_qalibler_IKT-2.pdf tanış olmaq olar.
Cari müsabiqə üzrə ümumi maliyyələşdirilmə həcmi 1 200 000 manat olub. Elmin İnkişafı Fondu 24 layihənin maliyyələşdirilməsinə bir milyon manat vəsait ayırıb, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə 5 layihəni maliyyələşdirəcəkdir.
Bu elan verildikdən sonra müəyyənləşdirilmiş müddət ərzində Elmin İnkişafı Fondunun icraçı direksiyası ilə 24 qalib layihənin rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək.