Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “CES 2014” əyilən televizor modelini təqdim edib
Cənubi Koreyanın “Samsung” şirkəti “CES 2014” sərgisində yeni 85 düym (216 santimetr) diaqonallı elastik “Samsung Bendable TV” məhsulunu təqdim edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, izləyici idarəetmə pultu vasitəsilə televizoru istənilən bucağadək əyə bilər. Texniki olaraq, televizor LED işıqlaması əsasında işləyir.
“CES 2014” sərgisində Koreyanın “LG Electronics” şirkəti televizorun OLED orqanik işıqsaçan diodlar texnologiyasına əsaslanan 77 düymlük variantını təqdim edib. Hər iki şirkət təqdimatlarında televizorların keyfiyyətcə yeni teleizləmə təcrübəsini təqdim etdiyini qeyd ediblər.
“Samsung” bildirib ki, televizorun əyilməsinin bir sıra praktiki üstünlükləri var. Birincisi, müəyyən dərəcədə əyilmiş televizora müxtəlif məsafələrdən baxmaq daha rahatdır, ikincisi, əyilmiş televizoru yer itkisinə yol vermədən otağın küncünə qoymaq olar. Bu cür yanaşmanı tənqid edənlər bildirirlər ki, bu televizorların əhəmiyyətsiz üstünlükləri onların qiymətləri arxasında gizlədilir. İstənilən halda kütləvi istehlakçı bu yenilikdən istifadə etməkdə çətinlik çəkəcək və onun quraşdırılması iri şirkətin konfrans zalında və ya premium səviyyəli ictimai yerdə mümkündür.
“Bu modellərin istehsalçılarının əsas problemi istehlakçıları bu televizorların onlara lazımlığına inandırmaqdır. “LG” və “Samsung” eyni bazar uğrunda mübarizə aparırlar, lakin şirkətlər bir-birlərinə uyğunlaşıblar və bir-birlərindən yaxşı fərqlənirlər”,- deyə “CCS Insight” şirkətinin meneceri Martin Qarner bildirib.
“CES 2014”-də iştirak edən şirkətlərin heç biri yeni televizorların nə vaxtdan bazara çıxarılacağı haqda məlumat verməyiblər. Hər iki şirkət təqdimat zamanı texnoloji innovasiyalara, orijinallığa və istehlakçı məftunluğu faktoruna söykəniblər.
Aynur Vəliyeva
07/01/14 Çap et