Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avtomobillər “Android” platforması ilə işləyəcək


“Google” şirkəti "Açıq avtomobil ittifaqı" təşkilatının yaradılmasını elan edib. “Android” əməliyyat sistemi əsasında işləyən avtomobil sistemlərinin yaradılması və populyarlaşmasına kömək etmək təşkilatın vəzifəsidir.

“Google”dan başqa, “Audi”, “General Motors”, “Honda Motor” və “Hyundai” avtomobil istehsalçıları, həmçinin “Nvidia” mobil prosessor istehsalçısı təşkilata daxil olublar.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, press-relizdə təşkilatın yaratmağa hazırlaşdığı avtomobil sistemləri haqqında hər hansı detallar açıqlanmayıb, lakin dəqiqləşdirilib ki, 2014-cü ildə bu barədə daha ətraflı danışılacaq.

Başqa şirkətlər də avtomobil istehsalçıları ilə əməkdaşlıq edirlər. Məsələn, “Apple” şirkəti “iOS in the Car” proqramını təqdim edib və o, sürücülərə “iPhone” və “iPad” vasitəsilə avtomobil sistemləri ilə qarşılıqlı əlaqə yaratmağa imkan verir.

“Microsoft” korporasiyası öz növbəsində, həmçinin “Ford Motor” ilə birgə “MyFord Touch” avtomobil sistemini hazırlayır.

Emil Hüseynov
 




07/01/14    Çap et