Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fransız şirkəti sürücüsüz hərəkət edən avtomobil təqdim edib
“2014 International CES” sərgisində Fransanın “Induct” şirkəti sürücüsüz hərəkət edən avtomobilin kommersiya modelini təqdim edib. 2014-cü ildə ABŞ və Avropada adı çəkilən maşının satışlarına başlanılacaq.
“Navia” avtomobili hələ ki küçədə hərəkət üçün tam hazır deyil, lakin o, salonunda 10 insan daşımaqla zavod, mehmanxana, kampus və korporasiyaların bağlı ərazilərində avtonom avtobus rolunu yerinə yetirə bilər. “Navia” avtomobilinin sürət həddi hələ ki 20 kilometr/saat təşkil edir.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, sözügedən avtomobil elektriklə işləyir, o, simsiz enerjidoldurma sisteminə malikdir. Belə ki, avtomobil gün ərzində insanları daşıyır və axşam isə özü enerjidoldurma yerinə yaxınlaşır.
“Induct” şirkətinin yaradıcısı Piter Lefevr deyir ki, “Navia” avtomobili hazırda İsveçrə, Böyük Britaniya və Sinqapur kampuslarında sınaqdan keçirilir. Lefevr, həmçinin deyib ki, “Navia” aeroport, alış-veriş mərkəzləri, qoruq və qolf meydançalarında insanların daşınması vasitəsi kimi istifadə olunacaq.
Emil Hüseynov
08/01/14 Çap et