Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli TV-nin kommersiya paketinə 86 xarici kanal daxildir


Əvvəl televiziya şəbəkəsinin rəqəmsal yayıma keçidi ilə vətəndaşlara iki sosial və kommersiya tipli paketlər təklif olundu. Sosial paketlərdə yerli, yəni dövlət və özəl televiziyaların yayımı pulsuz, kommersiya tipli paketlərdə isə xarici kanalların pullu yayımı nəzərdə tutulur. Bu ilin yanvarın 1-dən rəqəmsal yayıma keçidin tam başa çatması ilə vətəndaşların xarici kanallara açıq paketdə baxması məhdudlaşdırıldı. 
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov vətəndaşların rəqəmli şəbəkə üzərindən televizorlarını xüsusi qurğulara qoşaraq xarici kanallara baxa biləcəklərini bildirib. Onun sözlərinə görə, kommodul tipli həmin qurğuları əldə etmək üçün onların satış mərkəzinə müraciət etmək lazımdır. Modeli köhnə olan televizorlarda ayrı bir qurğu, müasirlərdə isə bir başqa qurğudan istifadə edilməlidir. 
 
Yayımı dayandırılan xarici kanallar sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib. Hazırda ölkə ərazisində yayımlanan sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.
 
Bundan əvvəl sınaq dövründə açıq rəqəmsal paketə xarici kanallar əlavə edilmişdi. Sınaq işləri bitdikdən sonra paketə daxil olan telekanalların yayımı dayandırılıb.
 
"Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86 xarici kanal daxildir".
 
Qeyd edək ki, hazırda respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub.
 
RƏVAN
 




08/01/14    Çap et