Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal poçt xidmətlərinin gələcəyi Fil Dişi Sahilində müzakirə ediləcək


Qərbi Afrikada yerləşən Kot-d-İvuara dövləti (Côte d' Ivoire - Fil Dişi Sahili Respublikası) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Strategiya konfransına ev sahibliyi edəcək. BTİ-nin məlumatına görə, poçt xidmətlərinin gələcəyini müzakirə etmək üçün iki gün - 14-15 oktyabr 2014-cü il tarixində davam edəcək konfrans respublikanın ən böyük iqtisadi şəhəri sayılan Abidjanda təşkil olunacaq.

Tədbirdə poçt xidmətləri üçün ümumdünya “yol xəritəsi”nə yenidən baxış keçiriləcək.
 
Konfransın ölkəsində təşkilindən məmnunluğunu ifadə edən Kot-d-İvuaranın poçt, informasiya və kommunikasiya texnologiyaları naziri Bruno Kone bu imkanı gələcək inkişafın təməli kimi qiymətləndirib:
 
 “Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqı ilə bütün əlaqələrin kəsildiyi 10 illik iqtisadi böhrandan çıxır. Ona görə də biz qlobal poçt birliyini ölkəmizdə qarşılamaq qərarından məmnunluq duyuruq. Strategiya konfransının Abidjanda keçirilməsi Kot-d-İvuaranın poçt sektorunun inkişafına böyük təkan verəcək”.
 
 
Qeyd edək ki, 2012-ci ilin sentyabrında Qətərin Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının 25-ci Konqresində qəbul edilən və qlobal poçt sektorunun “yol xəritəsi” sayılan Doha Poçt Strategiyası 2013-2016-cı illəri əhatə edir. Strategiya beynəlxalq poçt şəbəkələri arasında qarşılıqlı istismar təsirini təkmilləşdirmək, poçt sektoruna aid olan texniki bilik və təcrübənin mübadiləsi, innovativ məhsul və xidmətləri, o cümlədən üçölçülü şəbəkənin irəliləyişinə nail olmaq, həmçinin poçt sektorunun davamlı inkişafına imkan yaratmaq kimi hədəfləri cəmləşdirir.
 
Həqiqət İSABALAYEVA




08/01/14    Çap et