Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əfsanəvi antivirus brendi şöhrəti üzündən ləğv edilir



"Intel" şirkəti "McAfee" şirkətini aldıqdan iki il sonra onun adını "Intel Security"yə dəyişdirib.
"ICTnews" xəbər xidmətinin "www.cnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, rebrendinq "Intel" şirkətinin "McAfee"nin yaradıcısı, qalmaqallı şöhrətə malik olan Jon Makkafidən uzaqlaşmaq istəyindən irəli gələ bilər.

"Intel" korporasiyasının baş direktoru Brayan Krjaniç şirkətin adının dəyişdirilməsi ilə bağlı qərarını Las- Veqasda keçirilən "CES" sərgisində   elan edib. Brendin qırmızı sipər ilə emblemi modifikasiya edilməyəcək,  şirkətin yalnız adı dəyişdiriləcək.

Xatırladaq ki, "Intel" şirkəti "McAfee" şirkətini 2011-ci ilin fevral ayında 7,7 milyard dollara alıb.
Rebrendinq bir il ərzində həyata keçirilə bilər, artıq şirkətin bütün yeni məhsulları "İntel Security" adı altında buraxılır. "McAfee"nin "Android" və "iOS" üçün yaradılmış bəzi mobil məhsulları artıq pulsuz təqdim ediləcək.

Qeyd edək ki, "McAfee"nin yaradıcısı ötən ilin sentyabr ayında "D-Central" adlanan xüsusi qurğu yaradacağını bildirib. Bu qurğu vasitəsilə istifadəçilər Milli Təhlükəsizlik Agentliyinin izləməsindən müdafiə olunmuş ola bilərlər. Qurğu müxtəlif qurğuları  müdafiə edilmiş şəbəkələrdə birləşdirməyə və onları internetdən təcrid etməyə imkan vermək üçün yaradılır.

Aynur Vəliyeva




08/01/14    Çap et