Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda “gələcəyin enerjisi” ilə bağlı tədqiqatlar aparılır
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda uzun illərdir ki, radiasiya, fotokimyəvi üsulla su və karbohidrogen sistemlərində molekulyar hidrogenin alınması istiqamətində elmi tədqiqat işləri aparılır. Hazırda bu kimi tədqiqat işləri bir neçə laboratoriyada, o cümlədən də “Enerjitutumlu radiasiya prosesləri” laboratoriyasında həyata keçirilir.
Laboratoriya müdiri, kimya elmləri namizədi Hökmən Mahmudovun sözlərinə görə, tədqiqatlar atom-hidrogen energetikası sahəsini əhatə edir. Məqsəd ənənəvi enerji resurslarının azaldığı və alternativ enerji mənbələrinə artan tələbata uyğun olaraq, eyni zamanda “gələcəyin enerjisi” adlandırılan hidrogen energetikasını inkişaf etdirməkdir. Belə ki, bu sahənin təbii ehtiyatları kifayət qədərdir.
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutundan qeyd edilib ki, bir çox inkişaf etmiş Yaponiya, Amerika, İngiltərə, Koreya və s. ölkələrdə də bu sahədə tədqiqatlar aparılır, alınmış nəticələr müxtəlif nəşriyyatlarda dərc olunur. Hidrogen energetikasının digər sahələrdən üstünlüyü ondadır ki, hidrogenin yanması zamanı ətraf mühitə zərərli tullantılar buraxılmır:
“Son dövrün araşdırmaları göstərir ki, yanacaq elementləri (fuel cell) texnologiyalarının inkişafı imkan verəcək ki, alınmış hidrogen qazı yanacaq elementlərinə verilsin və nəticədə elektrik enerjisi əldə edilsin. Yanacaq elementi sistemində kimyəvi enerji mexaniki enerjiyə çevrilir. Tədqiqatların aparılmasında xüsusi üsullar və dəqiqliklər tələb olunur. Belə ki, vakuum şəraitində distillə olunmuş su və müxtəlif nisbətlərdə nanokatalizatorlar sistemi hazırlanıb xüsusi qablarda stasionar vəziyyətdə yüksək enerjili şüa mənbələrində şüalandırılır və yaranan məhsullar analiz olunur”.
Müqayisəli təhlillər göstərir ki, nanokatalizatorların səthində molekulyar hidrogenin yaranması daha sürətlə baş verir, nəticədə çıxım daha böyük olur.
Həqiqət İSABALAYEVA
08/01/14 Çap et