Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Azərpoçt" MDB ölkələri “STEFI” sistemi üzərindən əməkdaşlığı genişləndirir
"Azərpoçt" MMC MDB ölkələrinin poçt operatorları ilə "Secured Transfer of Electronic Financial Information (STEFI)" sistemi üzərindən elektron pul baratlarının mübadiləsini genişləndirməkdə davam edir.
"Azərpoçt" MMC-nin baş direktoru Qənbər Bəybalayevin "Rabitə dünyası" qəzetinə verdiyi məlumata görə, MDB dövlətlərindən Qazaxıstanla Təcili elektron pulköçürmələri sistemi uğurla istismara verildikdən sonra Özbəkistanla bu istiqamətdə işlərə başlanılıb. Hələlik ilkin addım kimi iki ölkə arasında poçt mübadiləsi ləğv edilərək "STEFİ" sisteminə keçilib. Bunun ardınca da "STEFİ"-nin təcili sisteminə keçid baş tutacaq. Artıq Qırğızıstan Respublikası ilə də müqavilə əsasında test işləri aparılır.
Qeyd edək ki, Azərbaycan beynəlxalq pul göndərişləri üzrə "STEFİ" sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Moldova və Birləşmiş Ərəb Əmirlikləri ilə mübadilə həyata keçirir.
Eyni zamanda, Estoniya, Litva, Gürcüstan, Tacikistan və Türkmənistan poçt operatorları ilə "STEFİ" üzərindən sürətli pulköçürmələrinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır.
Ümumdünya Poçt İttifaqının hesablamalarına əsasən 48 ölkə arasında bu sistem vasitəsilə pul göndərişlərinin mübadiləsi həyata keçiriləcəkdir. Qeyd edək ki, Azərbaycan bu sistemə 2004-cü ilin oktyabr ayından qoşulub. Bu tarixdə ÜPİ-nin nümayəndələri Bakıya təşrif buyurub. Hətta Azərbaycan təcrübəsinin öyrənilməsi üçün Qırğızıstanın və Özbəkistanın poçt müdiriyyətlərinin nümayəndələri də qonaqlar sırasında olub. ÜPİ-nin baş direktoru Eduard Dayan tərəfindən Azərbaycan poçt müdiriyyətinə daxil olan məktubda Qırğızıstanda və Özbəkistanda poçt şəbəkəsinin kompüterləşdirilməsi xahiş olunub.
Baş direktor bildirdi ki, ölkə daxilində beynəlxalq pul göndərişlərinin qəbul edilib göndərilməsində, eyni zamanda pul göndərişlərinin sahiblərinə çatdırılmasında banklarla rəqabətdə dövlət poçt operatoru daha geniş imkanlara malikdir. Banklar Bakı və digər iri şəhərlərdə müştərilərə xidmətini təklif etdiyi halda, ölkənin bütün kəndlərini əhatə edən və hazırda 1600-dən çox olan dövlət poçt operatorunun xidmət sferası daha geniş şəbəkəyə malikdir. Pul göndərişlərinin tez bir zamanda sahibinə çatdırılmasına gəldikdə isə bu göstəricilər xarici ölkələrin bir çoxunda "STEFİ" sistemində tam təmin olunur. Poçt şöbələri tərəfindən pul göndərişləri üçün alınan rüsumun özəl banklarla müqayisədə çox aşağı olması müştərilər üçün xüsusi əhəmiyyət kəsb edir.
"STEFİ" sistemi ilə pul göndərən vətəndaşların pul baratları 10-15 dəqiqə ərzində ucqar dağ kəndinə çatır.
Ölkəmizə göndərilən pul baratı "Azərpoçt" MMC-in Baratlara nəzarət şöbəsinə (BNŞ) daxil olduqdan sonra milli valyuta şəklində kompüter vasitəsilə istənilən ünvana ötürülür. Rayonlardan isə pul baratları kompüterlə BNŞ-yə ötürülür və oradan da təyinat ölkəsinə göndərilir.
Xatırladaq ki, "Azərpoçt" MMC tərəfindən 2001-ci ilin ikinci yarısından başlayaraq ölkə ərazisində pul göndərişləri elektron şəbəkə vasitəsilə həyata keçirilməyə başlanılıb. 2002-ci ilin sonundan etibarən pul göndərişlərinin izlənmə sistemi tətbiq edilib.
Rəvan SOLTANOV
08/01/14 Çap et