Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər “Yahoo!” portalları vasitəsilə virus yayıblar
“Yahoo!” internet şirkətinin nümayəndələri deyib ki, ötən həftə Avropa portallarından bəziləri zərərli proqram təminatı yayıblar ki, bu da minlərlə istifadəçi üçün potensial təhlükə yaradır.
“ICTnews” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, problem barədə ilk öncə kompüter təhlükəsizliyi üzrə ixtisaslaşmış “Fox-IT” şirkəti məlumat verib. “Yahoo!” şirkəti bəzi portalların virusa yoluxması faktını təsdiqləyib və açıqlama verib ki, zərərli kod “ads.yahoo.com” sistemində göstərilən reklam bannerlərində olub. Problem tezliklə aradan qaldırılıb, lakin bəzi kompüterlər riskə məruz qalıb. Bu halda “Mac OS” platforması ilə işləyən qurğuların sahibləri zərər görməyiblər.
“Fox-IT” şirkətinin versiyası daha təhlükəli səslənir. Mütəxəssislərin məlumatına görə, zərərli kod hər saat 300 min istifadəçi kompüterinə hücum edib. Rumıniya, Böyük Britaniya və Fransa daha çox zərər görüb. Hücumun arxasında kimin dayandığı hələ ki bilinmir.
Emil Hüseynov
09/01/14 Çap et