Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi abunəçilərinə güzəştli şərtlərlə İPTV xidmətlərinə qoşulmağı təklif edir
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) stasionar telefon şəbəkəsi istifadəçilərinə güzəştli şərtlərlə İPTV xidmətlərinə qoşulma imkanı təqdim edir.
BTRİB-in texnika üzrə baş mütəxəssisi Elman Qədirovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, stasionar telefon şəbəkəsinin abunəçiləri İPTV xidmətlərinə qoşulmaqla "Teleradio" İstehsalat Birliyinin təqdim etdiyi 130 kanaldan ibarət tam televiziya kanalları paketini təqdim edir.
"Xidmətə qoşulma tarifi 5 manat, aylıq abunə haqqı isə 4 manat təşkil edir. Bununla yanaşı, BTRİB abunəçilərə İPTV xidmətlərinə qoşulmaq üçün tələb olunan set-boxu pulsuz təqdim edir, lakin abunəçi xidmətdən imtina etdiyi halda set-box geri qaytarılır. İPTV xidməti çərçivəsində əlavə 4 servis təqdim edilir. Bu servislər vasitəsi ilə baxılan verilişin bir hissəsi ötürüldüyü halda istifadəçi geriyə qayıdaraq, filmin və ya verilişin ötürdüyü yerindən baxmağa davam edə bilər, istənilən verilişi proqram vasitəsi ilə yazaraq asudə vaxtda baxa bilər və ya 3 gün ərzində kanallar tərəfindən təqdim edilən verilişləri yazaraq sonradan baxa bilər. İstifadəçilər sifariş üzrə videokontentdə əldə edərək onu izləyə bilərlər, bu, seriallar, sənədli, bədii filmlər və s. ola bilər. Əlavə servislərin hər birisinin qiyməti 4-5 manatdır", - deyə o bildirib.
E. Qədirovun verdiyi məlumata əsasən, hazırda Bakıda İPTV xidmətlərindən istifadə edən abunəçilərin sayı 1500-dən yuxarıdır, lakin onların sayının artırılması məqsədi ilə BTRİB abunəçilərə mütəmadi olaraq xidmətlərə qoşulma təkliflərini təqdim edir və telefon vasitəsi ilə onları bu xidmətlərin üstünlükləri ilə tanış edir.
Aynur Vəliyeva
09/01/14 Çap et