“IBM” şirkəti “Watson” superkompüteri üçün bölmənin yaradılmasına 1 milyard dollar ayıracaq
“International Business Machines” (IBM) şirkəti “Watson” superkompüterinin hazırlanmasını “IBM Watson Group” adlı ayrıca bölməyə ayırmaq niyyətindədir.
Bölməyə 1 milyard dollardan çox vəsaitin yatırılması planlaşdırılır ki, bunun da 100 milyon dolları superkompüter üçün xüsusi əlavələr hazırlayan “start up”çıların maliyyələşdirilməsi məqsədilə vençur fondun yaradılmasına yönələcək.
“Watson Solutions” bölməsinin vitse-prezidenti Stiven Qoldun jurnalistlərə bildirdiyinə görə, yeni törəmə strukturda 2 min iş yeri açılacaq. Onun sözlərinə görə, “IBM Watson Group” bölməsi “IBM”-in avadanlıq, proqram təminatı və servislərlə məşğul olan bölmələrindən ayrı fəaliyyət göstərəcək.
Bölməyə “IBM Software Solutions Group”un baş vitse-prezidenti Maykl Rodin rəhbərlik edəcək. O, vəzifə səlahiyyətlərini proqram təminatı üzrə baş vitse-prezident Stiven Millsin tabeçiliyində yerinə yetirəcək.
2011-ci ildə “Jeopardy!” televiziya viktorinasının qalibi olan “IBM Watson” superkompüterinin hazırlanması informasiya texnologiyalarının yeni istiqamətinin yaradılmasında ilk atılan addımlardan biri hesab olunur. Proqnozlara görə, bu layihə 10 ildən sonra “IBM”-ə hər il 10 milyard dollaradək qazanc gətirəcək. “Watson Business Group” bölməsinin 2018-ci ilədək gəliri 1 milyard dollar səviyyəsində gözlənilir, - "DailyComm
www.dailycomm.ru” yazır.