Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Havar Məmmədov: “AzTU-nun Elektron Təhsil Sisteminin yaradılmasında ən yeni informasiya texnologiyalarından istifadə olunub”
Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (KOİCA) tərəfindən həyata keçirilmiş “Azərbaycan Texniki Universitetinin təhsil və inzibati işlərinin avtomatlaşdırılması sistemi” layihəsi “2013-cü ilin Azərbaycanda İnformasiya-kommunikasiya texnologiyaları ili” çərçivəsində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikri “Azərbaycan Texniki Universitetində Elektron Təhsil Sisteminin yaradılması” layihəsinin ilkin təqdimatında AzTU-nun rektoru, professor Havar Məmmədov səsləndirib.
Onun sözlərinə görə, Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sisteminin yaradılmasında ən yeni informasiya texnologiyalarından istifadə olunub, avadanlıqların seçilməsinə və quraşdırılmasına xüsusi diqqət yetirilib, mükəmməl funksiyalara malik cihazlar quraşdırılıb və koreyalı mütəxəssislər universitetin əməkdaşları üçün təlimlər təşkil ediblər.
Rektor qeyd edib ki, yerinə yetirilən layihə çərçivəsində ən vacib məqamlardan biri Azərbaycan Respublikasında ilk dəfə olaraq Distant Təhsil Sisteminin yaradılması olub. Müxtəlif proqramları özündə birləşdirən yeni təhsil kontentləri 2014-2015-ci tədris ilindən tələbələrin istifadəsinə veriləcək. Bu kontentlər Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən “Televiziya studiyası”nda koreyalı mütəxəssislərin iştirakı ilə universitetin mütəxəssisləri tərəfindən hazırlanıb.
H.Məmmədov həmçinin bildirib ki, Akademik Təhsil Sistemi 2013-2014-cü tədris ilində AzTU-ya qəbul olunmuş tələbələrə tətbiq olunaraq test kimi idarə edilir. Yeni qurulmuş Akademik Təhsil Sistemi vasitəsilə universitetin əməkdaşları avtomatik idarəetməyə keçiblər. Dərsə davamiyyət, mühazirələr, laboratoriya dərsləri, məşğələlərdə qiymətləndirmə yaradılan sistem vasitəsilə dəqiq həyata keçirilir, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.
Rektor layihənin dəqiq və vaxtında həyata keçirilməsində “KOİCA” şirkəti nümayəndələrinin əməyini xüsusi vurğulayaraq qeyd edib ki, layihənin həyata keçirildiyi müddətdə koreyalı ekspertlər bir sıra təlim proqramları vasitəsilə zəruri texnologiya və biliklərin AzTU-nun mütəxəssisləri və əməkdaşları tərəfindən mənimsənilməsi məqsədilə çoxsaylı treninqlər keçiriblər.
CAHANGİR
10/01/14 Çap et