Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Yüksək Texnologiyalar Parkı" ilə bağlı qaydalar hazırlanır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan "Yüksək Texnologiyalar Parkı"nda (YTP) fəaliyyət göstərmək üçün qaydalar hazırlanır. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə YTP-nin direktoru Seymur Ağayev məlumat verib. O bildirib ki, sözügedən qaydalar tamamlanmaq üzrədir. Onun sözlərinə görə, qaydalarda layihə ilə müraciət edənlərin hansı etaplardan keçəcəyi öz əksini tapacaq.
Qeyd edək ki, “YTP” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. “Yüksək Texnologiyalar Parkı”- informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
“YT Park”ın məqsədi və səmərəsinə gəlincə, parkın fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaq. Belə ki, bunun üçün, Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.
Hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Eyni zamanda “YT Park” MMC dövlət qeydiyyatına alınıb və Cəmiyyətin Nizamnaməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilib.
Seymur Qasımbəyli
10/01/14 Çap et