Azərbaycanda Avropa İttifaqının “eTwinning Plus” proqramına maraq artır
Azərbaycan 2013-cü ildən etibarən beynəlxalq “eTwinning Plus” layihəsində iştirak etməyə başlayıb. Sözügedən layihə Azərbaycanda Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında “Mədəd Azərbaycan” təşkilatı tərəfindən icra olunur.
Məqsəd - “eTwinning Plus”u inkişaf etdirmək
Bəs “eTwinning Plus” nədir? Bu proqram Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olan “eTwinning” layihəsinin genişlənməsidir. “Mədəd Azərbaycan”dan “Rabitə dünyası”na verilən məlumata görə, layihə pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir: “Azərbaycan digər 5 ölkə ilə yanaşı, Avropa İttifaqının qonşuluq siyasətinə əsasən “eTwinning Plus” layihəsinə üzv olub. İştirakçı ölkələrdən olan müəllimlər layihənin portalından (
http://plus.etwinning.net) istifadə edərək, 33 Avropa ölkəsindən olan həmkarları ilə birgə təhsil layihələri icra etmək imkanı əldə edirlər. Ən vacib məqamlardan biri isə odur ki, azərbaycanlı şagirdlər də avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq, öz məktəblərini, rayon, şəhər və ölkələrini təmsil etmək fürsəti qazanırlar. “eTwinning Plus” portalında qeydiyyatdan keçdikdən sonra müəllimlər və şagirdlər avropalı həmkarları ilə ortaq layihələr icra etməyə başlayırlar. Beləliklə, şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual layihələr yaradılır”.
“eTwinning Plus” proqramının Azərbaycanda icra prosesi
Təşkilatdan bildirilib ki, pilot layihəyə Azərbaycandan ən aktiv, innovativ və texniki bacarıqlara malik müəllimlərin iştirakı nəzərdə tutulub: “Müəllimlərin seçimi Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mədəd Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilir. Məktəblər və hər məktəbdən seçilmiş müəllimlər “eTwinning Plus” portalında qeydiyyata alınır və təlimdə iştirak etdikdən sonra portalda fəaliyyətə başlayırlar”.
Ən uğurlu layihələr, ən aktiv müəllimlər mükafatlandırılacaq
Qurumdan qeyd edilib ki, layihədə iştirak edən məktəb, müəllim və şagirdlərə dəstək olmaq, onları lazımi təlim və konsultasiya ilə təmin etmək məqsədilə hər iştirakçı ölkədə Tərəfdaşa Dəstək Agentliyi yaradılıb: “Azərbaycanda “Mədəd” təşkilatı bu rolu yerinə yetirir, yəni layihənin icrasını və koordinasiyasını həyata keçirir. Müəllimlərin fəaliyyəti mütəmadi olaraq izlənilir və ən uğurlu layihələr, ən aktiv müəllimlərin seçilərək mükafatlandırılması planlaşdırılır. Bundan əlavə, ən həvəsli və qabaqcıl müəllimlər “eTwinning” layihəsi çərçivəsində təşkil olunan müxtəlif beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda iştirak etməyə dəvət olunurlar”.
Layihəyə qoşulmaq istəyənlər veb-saytdan ərizə formalarını əldə etməklə müraciət edə bilərlər
Ümumiyyətlə, layihənin Azərbaycanda tətbiq mərhələsi 2013-cü ilin yay aylarında başlayıb. Bu prosesdən etibarən “eTwinning Plus” layihəsini müəllim və məktəb rəhbərlərinə təqdim etmək məqsədilə bir sıra görüşlər keçirilib: “Layihənin ölkəmizdə tətbiqi ilə bağlı yenilik və xəbərləri ictimaiyyətə və layihə iştirakçılarına çatdırmaq üçün yeni veb-sayt (
http://www.madad.az/etwinningplus) və “Facebook” səhifəsi (https://www.facebook.com/etwinning.plus.azerbaijan) yaradılıb. Layihəyə qoşulmaq istəyən müəllimlər veb-saytdan ərizə formalarını əldə etməklə müraciət edə bilərlər”.
“eTwinning Plus” portalında qeydiyyata salınan müəllimlər avropalı həmkarları ilə birgə 60 tədris layihəsi üzərində işləyirlər
Hazırda layihəyə marağın artması müşahidə edilir: “Dekabrın 16-na olan məlumata əsasən, 23 məktəbdən 71 müəllim seçilib və “eTwinning Plus” portalında qeydiyyata salınıb. Hal-hazırda bu müəllimlər avropalı həmkarları ilə birgə 60 tədris layihəsi üzərində işləyirlər. “eTwinning Plus” portalında qeydiyyata alınmış müəllimlər sentyabr ayının əvvəllərindən etibarən təlimlərə cəlb olunub və portaldan səmərəli istifadə, layihə əsaslı öyrənmə və tədris prosesində İKT alətlərinin tətbiqi sahəsində faydalı məlumatlardan bəhrələnirlər. Təlim iştirakçıları həmçinin müəllimlərə portalın bütün imkanlarından yararlanmaq, avropalı əməkdaşlarla əlaqə yaratmaq, layihələrə qoşulmaq və “TwinSpace” alətindən effektiv istifadə etməyin yollarını öyrənirlər. Təlimdən sonra müəllimlər sual və çətinlikləri olan zaman dəstək və məsləhətlərlə də təmin olunurlar”. Bu məqsədlə “Mədəd” təşkilatı daxilində iştirakçılara dəstək xidməti aktivdir ki, müəllimlər telefon, e-poçt, “skype”, onlayn vebinar və oflayn təlimlər vasitəsilə ehtiyaclarına yönəlik çevik kömək və təlimatlarla təmin edilirlər.
Yaxın aylarda layihəyə daha çox region məktəbləri və müəllimləri cəlb ediləcək
Təşkilat layihənin fəalları haqda da məlumat verib. Belə ki, hal-hazırda layihədə Bakı şəhəri və İsmayıllı rayonunun məktəbləri öz fəallığı ilə seçilirlər: “eTwinning Plus” layihəsinə digər rayon məktəb və müəllimlərini cəlb etmək məqsədi ilə noyabr-dekabr ayları çərçivəsində Sumqayıt, Quba, Gəncə, Ağstafa və Tovuz rayonları üzrə məktəb rəhbərləri və müəllimlərlə görüşlər təşkil olunub. Beləliklə, yaxın aylar ərzində “eTwinning Plus” layihəsinə daha çox region məktəblərinin və müəllimlərin cəlb olunması gözlənilir”.
“eTwinning Plus” layihəsinə qoşulan Azərbaycan müəllimləri beynəlxalq arenada
Layihəyə uyğun olaraq, azərbaycanlı müəllimlərin artıq beynəlxalq arenada təmsil olunması üçün şərait da yaradılır və bu günə qədər bir neçə beynəlxalq tədbirdə onların iştirakı təmin edilib: “ Qeyd etdiyimiz kimi, “eTwinning” Plus layihəsinə qoşulmuş müəllimlər Avropa Komissiyasının təhsil işçiləri üçün təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak etmək imkanı da qazanırlar. Sentyabr və oktyabr aylarında 2 tədbir keçirilib və ölkəmizdən “eTwinning Plus” layihəsinə cəlb olunmuş 3 müəllim də bu tədbirlərdə iştirak edib. Belə ki, sentyabrda Polşanın Krakov şəhərində “eTwinning Plus” ölkələri üçün "Əlaqələndirici Seminar" keçirilib. “eTwinning Plus” layihəsində iştirak edən fəal ingilis dili müəllimləri - Ruhiyyə Mahmudova (İsmayıllı şəhər 1 saylı tam orta məktəb), Aynur Hüseynova (Akademik Zərifə Əliyeva adına lisey) və layihənin Azərbaycan üzrə koordinatoru Xuraman Məmmədova Azərbaycanı təmsil ediblər. Seminarda Almaniya, Böyük Britaniya, Slovakiya, Fransa, Polşa, Çexiya kimi Avropa ölkələrinin nümayəndələri “eTwinning Plus” ölkələrindən olan müəllimlərlə müzakirələr apararaq layihənin uğurlu icrası üçün tövsiyələr vermiş, təcrübələrini bölüşüblər”. Bundan əlavə, “Avropa proqramlarının köməyi ilə məktəblərin inkişaf etdirilməsi” adı altında Litvanın paytaxtı Vilnüs şəhərində 2013-cü ilin oktyabrında məktəb rəhbərləri və lider müəllimlər üçün təşkil edilən konfransda Avropa Komissiyası və “Mədəd” təşkilatının dəstəyi ilə Akademik Zərifə Əliyeva adına liseyin ingilis dili fənni üzrə metodbirləşmə rəhbəri və metodisti Gülxas Aslanova qatılıb. Bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək”.
“eTwinning Plus” - mədəniyyətlərarası anlaşma və dostluğun inkişafı üçün əsas açardır
“
http://www.etwinning.net/” - “eTwinning Plus” proqramının rəsmi saytının məlumatına görə, Avropa İttifaqının qonşuluq siyasətinə əsasən həyata keçirilən layihənin əsas iştirakçıları Şərq Tərəfdaşlığı üzrə (Şərq Tərəfdaşlığı - Polşa və İsveçin Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsü) Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, eyni zamanda Avro-Aralıq dənizi əməkdaşlığı üzrə Tunis daxildir: “eTwinning Plus” proqramı qonşuluq siyasəti çərçivəsində insanlar arasında ünsiyyəti dəstəkləyir. Proqram göstərdi ki, Avropada məktəblər və müəllimlər arasında ünsiyyət insanlar üçün olduqca faydalıdır. “eTwinning Plus” Avropa və qonşu ölkələrdə mədəniyyətlərarası anlaşma və dostluğun inkişafına kömək edəcək. Məhz təhsil bizim cəmiyyətdə və Avropanın qonşuluğunda olan insanlarla münasibətlərin qurulmasında əsas açardır. Biz ümid edirik ki, proqram öz növbəsində, 21-ci əsrdə formalaşdırdığımız kimi, qarşılıqlı hörmətin və stabilliyin qorunmasına öz töhfəsini verəcək”.
Həqiqət İSABALAYEVA