Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektronlaşan səhiyyə
Texnoloji yeniliklər, avtomatlaşdırılmanın ayaq açdığı əsas sahələrdən biri kimi, bu gün Azərbaycanın səhiyyə sistemində də bir sıra layihələr həyata keçirilir. Onlardan biri olan “Kadrların işinin avtomatlaşdırılması və təkmilləşdirilməsi” layihəsi çərçivəsində “Tibb İşçilərinin Vahid Registri”, “Elektron əmr”, “Vakansiyalar”, “ Tibb işçilərinin sertifikasiyası (test imtahanları)” sistemləri yaradılıb. Qeyd olunan sistemlər vahid bazada toplanıb, bir-biri ilə əlaqəli şəkildə işləyir və Səhiyyə Nazirliyinin kadr işini avtomatlaşdırır. Sistemə daxil olmaq daha öncədən Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən təyin edilmiş şifrə ilə mümkündür.
Səhiyyə Nazirliyi tibb müəssisələrinin kadr prosesinə birbaşa elektron şəkildə nəzarət edir
“Tibb İşçilərinin Vahid Registri” - Vahid Elektron Registr vasitəsilə Səhiyyə Nazirliyinə birbaşa və bilavasitə tabe olan tibb müəssisələrinin tibb işçi heyəti (həkim və orta tibb işçiləri) vahid bazada toplanıb. Registrdə tibb işçiləri - həkim və orta tibb işçilərinə görə ayrılıb. Daxil edilən məlumatlara müəssisədə mövcud olan ştat vahidləri, həmin ştat vahidlərindən rüblük çıxarış, tibb işçisinin şəxsi məlumatları, təhsili haqqında məlumatlar, iş təcrübəsi (həmçinin daxil edilən müəssisədə iş fəaliyyəti), bu vaxta qədər keçdiyi kursları və sertifikatları, bildiyi dilləri qeyd olunur. Həmçinin kadrların şəxsi uçot vərəqəsini də buradan çap etmək olar.
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən qeyd edilib ki, daxil edilən hər bir tibb işçisinə sistem tərəfindən reyestr kodu verilir və bu kod unikallıq daşıyır: “İşçi müəssisəsini dəyişdikdə, sertifikasiyadan keçdikdə, Səhiyyə Nazirliyinin Mərkəzləşdirilmiş imtahanlarında iştirak etdikdə bu kodun olması vacibdir. Bundan əlavə, sistemin əhəmiyyəti ondan ibarətdir ki, Səhiyyə Nazirliyi tibb müəssisələrinin kadr prosesinə birbaşa özü elektron şəkildə nəzarət edir”.
Tibbi heyət üçün verilən əmrlər də avtomatlaşdırılır
“Elektron Əmr” isə tibb müəssisəsinin tibb heyəti üçün verilən əmrlərin avtomatlaşdırılmasına xidmət edir. Sistemin yaradılmasına qədər qeyri-elektron üsulla verilən əmrlər hazırda sadə informasiyaları daxil etməklə standart əmr formasında yaradılır və həmin əmrləri çap edib sənəd formasına gətirməyə kömək edir. Kadr mütəxəssisi E-əmr verdikdə işçi haqda məlumatlar avtomatik registrdə öz əksini tapır. Məsələn, həkim işə qəbul olunduqda və ya həmçinin işdən azad olunduqda və s. reyestrə avtomatik düşür.
“Vakansiyalar” bölməsi ilə isə tibb müəssisələri mövcud olan vakansiyalarını elan verə bilərlər. Prosesin gedişatında elektron registrdə göstərilən ştat vahidləri əsasında boş ştatlar modulda öz əksini tapır, elektron elan verilir və Səhiyyə Nazirliyinin kadr mütəxəssisləri elektronlaşdırılmış vakansiyaları elana qəbul edir.
“Tibb işçilərinin sertifikasiyası”na gəlincə, sertifikasiya prosesi iki mərhələdə - test imtahanı və müsahibə formasında aparılır. 100 sualdan ibarət test imtahanı üç saat fasiləsiz olaraq keçirilir. Sertifikasiyadan keçən tibb işçilərinin nəticələrinə uyğun olaraq dəyişikliklər tibb işçilərinin vahid registrində öz əksini tapır.
İki modullu “Stasionarların Fəaliyyətinə Elektron Nəzarət Sistemi”
Digər elektron layihə - “Stasionarların Fəaliyyətinə Elektron Nəzarət Sistemi (SFENS)” “Jurnal/Qeydiyyat modulu” və “AZS Forma 066 modulu” kimi 2 moduldan ibarətdir. İlk modul stasionar xəstəxanalara müraciət edən xəstələrin qeydiyyata alınması (xəstəlik tarixinin açılması) üçün yaradılıb. Sistemin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, xəstələrin bütün respublika üzrə stasionarlara daxilolma müraciətləri vahid bazada toplanır və prosesə nəzarət edilir. Qeydiyyat modulunda xəstə qeydə alınan zaman onun bir sıra məlumatları daxil edilir. Buraya xəstənin şəxsi məlumatları, daxilolma tarixi və saatı, müraciət etmə növü (hansı xəstəxanadan göndərilib, xəstə özü müraciət edib, qəza nəticəsində müraciət və s.), daxilolma diaqnozu, hansı şöbəyə köçürülməsi kimi məlumatlar daxildir. Müraciət edən xəstəyə SFENS kodu verilir, hansı ki, bu kod vasitəsilə xəstənin bütün sonrakı xəstəlik tarixçəsi sistemə daxil edilir.
Vətəndaşların hansı stasionar xəstəxanaya müraciət etməsindən asılı olmayaraq bütün tibbi məlumatlar vahid bazada əks olunur
“Forma AZS 066 modulu” stasionara daxil olan xəstənin “Jurnal/Qeydiyyat modulu”nda daxil edilməsindən sonra xəstənin adına açılan tarixçəni sonadək bitirmək və 066 adlı stasionardan çıxış haqqında sənədi çap etmək üçündür. Bundan əlavə, bu modul vasitəsilə 14 saylı hesabat formasının da çapı həyata keçirilir. Bununla da bütün respublika üzrə vətəndaşların hansı stasionar xəstəxanaya müraciət etməsindən asılı olmayaraq onların bütün tibbi məlumatları Səhiyyə Nazirliyinin vahid bazasında öz əksini tapır. Bu isə bütün xəstələrin xəstəlik tarixçələri ilə birlikdə bütünlüklə qeydiyyatı deməkdir: “Modulda xəstənin hansı şöbələr üzrə müalicə olunması, cərrahiyyə əməliyyatları, son diaqnozu, onu müalicə edən həkimi və xəstəxanaya müraciət etmə və çıxış tarixi və s. bu kimi vacib məlumatlar öz əksini tapıb. Hər iki moduldan istifadə etmək üçün müəssisəyə əvvəlcədən SİM tərəfindən istifadəçi adı və şifrəsi verilir. Bütün daxil edilən tibbi məlumatlar, onların doğruluğu Səhiyyə Nazirliyi tərəfindən tam nəzarətdədir. Modullar respublikanın bütün stasionar fəaliyyət göstərən xəstəxanalarında hazırda onlayn rejimdə istifadədədir”.
Elektron layihələrə “Tibbi Registrlər” də daxildir
Səhiyyənin elektron layihələrinə “Tibbi Registrlər” də daxildir. Məsələn, “Talassemiya və hemofiliya xəstələrinin və daşıyıcılarının registri” 2012-ci ildə yaradılıb və Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan elektron informasiya sistemləridir. “Talassemiya xəstələrinin və daşıyıcılarının registri” qeydiyyat modulunda xəstələrin şəxsi məlumatları, tibbi məlumatları, genetik məlumatları, laborator analizləri və analizlərin cavabları, müalicə məlumatları və müalicə zamanı istifadə olunan preparatlar qeyd olunur.
Qeyd olunanlar həmçinin hemofiliya xəstələri üçün olan qeydiyyat moduluna da aiddir. Hazırda talassemiya xəstələrinin registri Talassemiya Mərkəzində, hemofiliya xəstələrinin registri isə Respublika Klinik Xəstəxanasında tətbiq olunub.
“Vahid Qan Bankı” sistemi Mərkəzi Qan Bankının region üzrə bütün şöbələrinə quraşdırılacaq
“Vahid Qan Bankı” layihəsinə gəlincə, bu sistem donorların qeydiyyatının və onların qan analizinin alınması, müayinə və donorluq məlumatlarının, qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması üçün yaradılıb. Sistemə “Qeydiyyat modulu (donorun qeydiyyata alınması)”, “Laboratoriya modulu (ilkin qan analizi)”, “Həkim müayinəsi modulu (fiziki müayinələrin qeydiyyatı)”, “Qan alma (donorun qan məlumatlarının daxil edilməsi)” modulları daxildir.
Eyni zamanda sistem “Qan istək (digər müəssisələrdən tələb olunan qan haqda məlumatlar)”, “İstək qarşılama (qan tələb olunan müəssisəyə göndərişin daxil edilməsi)”, “Depo əməliyyatları (bazada qalan qan ehtiyatı) kimi modullardan ibarətdir. Sistem Mərkəzi Qan Bankının region üzrə bütün şöbələrinə quraşdırılacaq. Hazırda Qan Bankının Sumqayıt şöbəsində tətbiq edilib. Layihə çərçivəsində MQB-nın Gəncə, Şəki, Mingəçevir, Şirvan, Bərdə, Quba, Lənkəran bölgələri də sistemə qoşulacaq.
İmtiyazlı xəstələr üçün “Elektron Kart”
“İmtiyazlı apteklər” altsisteminə gəlincə, bu sistem dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin (şəkərli diabet, 1-ci qrup əlil, 2-ci qrup əlil və s.) qeydiyyatı və dərman vasitələrinin paylanması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemində yaradılıb.
Altsistemə Bakı şəhərində 24 imtiyazlı aptek və onlara nəzarət edən Bakı şəhəri Baş Səhiyyə İdarəsi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi qoşulub. Hal-hazırda Bakı şəhərində hər bir imtiyazlı qrup xəstəyə “Elektron Kart” hazırlanıb verilib. İnformasiya sisteminə və karta həmin xəstələrin şəxsi, dispanser qeydiyyatı və aldığı dərmanlar barədə məlumatlar qeyd edilir. Bu məlumatları əldə etmək məqsədilə e-xidmət yaradılıb.
“Elektron Azərbaycan”da “Nümunəvi tibbi-informasiya sistemi” zərurəti
Elektron layihələrdən biri də “Nümunəvi tibbi-informasiya sistemi”dir. Prezidentin 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” yerinə yetirilməsi üzrə “Tədbirlər planı”nın müvafiq bəndinə əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin hazırlanması və tətbiqinə 2007-ci ildən başlanılıb. Səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin (NTİS) tətbiqi məqsədilə müxtəlif xəstəxana informasiya sistemləri təhlil edilib.
Təhlillərin və analizlərin nəticəsində ən müasir tələblərə uyğun və tibbi informasiya sahəsində tətbiq edilmiş bütün standartlara cavab verən Türkiyədə çoxsaylı uğurlu tətbiqləri və 15 illik təcrübəsi olan “Akgün Yazılım” şirkətinin tibbi informasiya sistemi seçilib.
Tibb sahəsində istifadə olunan ən yeni altsistemlərin tətbiqi NTİS çərçivəsində həyata keçirilir
Sistem tibb müəssisələrinin tibbi, inzibati, təsərrüfat və digər fəaliyyətini əhatə edən proseslərin və proseduraların kağız daşıyıcılardan elektron informasiya sisteminə keçirilmə vasitəsilə daha dəqiq təqib olunması, analitik və hesabat məlumatlarının operativ əldə olunması, uzun müddət ərzində toplanan məlumatların arxivləşdirilməsi, istənilən zaman vətəndaşların tibbi müayinə və müalicə məlumatlarının operativ şəkildə əldə olunmasına imkan yaradır. Sistemin məqsədi vətəndaşların sağlamlığı üçün aparılan müəyyən tibbi proseslərin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması, proseslərdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, vətəndaşlara daha keyfiyyətli və müasir tibbi xidmət göstərilməsidir.
Eyni zamanda tibb sahəsində istifadə olunan ən yeni digər altsistemlərin tətbiqi 22 proqram təminatı modulu və 2 altsistemdən ibarət olan NTİS çərçivəsində həyata keçirilir. Belə ki, dünya standartı (DİCOM) protokolunu istifadə edən görüntülərin arxivləşməsi və ötürülməsi sistemi (PACS), Laborator müayinələrinin avtomatlaşdırılması sistemi (LİS) və digərlərini burada qeyd etmək olar.
Həqiqət İSABALAYEVA
11/01/14 Çap et