Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə SMS və MMS rabitə operatorlarının gəliri azalıb


“Strategy Analytics” analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə SMS və MMS mesaj ötürülməsi xidmətləri göstərən rabitə operatorlarının qlobal gəlirləri tarixdə ilk dəfə 4% azalaraq 104 milyard dollar olub.
 
“ICTnews” elektron xəbər xidməti “1prime.ru” saytına istinadən bildirir ki,  analitiklərin proqnozuna əsasən, 2017-ci ilədək rabitə operatorlarının SMS və MMS mesaj ötürülməsindən əldə olunan gəliri 20% azalacaq. Qlobal operatorların SMS və MMS mesaj ötürülməsindən əldə olunan gəlir həcminin azalması ani mətn və səs mesajlarının ötürülməsi üçün internetdən istifadə edən “over-the-top (OTT)” xidmətlərin populyarlığının artması ilə izah olunur.
 
“Strategy Analytics” şirkətinin ekspertləri hesab edirlər ki, 2017-ci ilədək smartfonlardan istifadə səviyyəsi daha çox olan inkişaf etmiş regionlarda SMS və MMS mesaj ötürülməsindən əldə olunan gəlir həcmi Şimali Amerikada 38%, Qərbi Avropada isə 28% azalacaq.
 
Emil Hüseynov




14/01/14    Çap et