Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil internetdən əldə olunan gəlir təxminən 25% artıb


“ABI Research” tədqiqat şirkətinin məlumatına görə, 2013-cü ildə mobil internetdən əldə olunan qlobal gəlir 23,4% artıb və təxminən 300 milyard ABŞ dolları təşkil edib.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin hesablamalarına əsasən, simsiz genişzolaqlı internetdən  istifadə edən abunəçilərin sayı 28,8% artıb. Bu halda smartfonlarla internetə daxil olan abunəçilərin bazar payı 6,6% artaraq 27,5% olub.
 
Mobil internet sahəsində mühüm irəliləyişə baxmayaraq, analitiklər hesab edirlər ki, simsiz rabitə xidmətlərindən əldə olunan qlobal gəlir yalnız 3,2% artıb və 1 trilyon ABŞ dollarını cüzi ötüb.
 
Eyni zamanda mütəxəssislər hesab edirlər ki, mobil trafikin artım sürətinə görə Asiya-Sakit okean regionu liderlik edəcək. “ABI Research” şirkətinin analitiki Ceyk Sonders deyib ki, 2014-cü ildə yaradılan trafikin həcmi bu regionda 16,8 ekzabayta çatacaq və ya ümumdünya göstəricisinin 40%-ni təşkil edəcək.
 
Mütəxəssisin sözlərinə görə, 2013-cü ilin sonunda Çində LTE şəbəkələrin işə salınması fonunda bu ölkədə mobil trafikin istehlakı xeyli artacaq. Bundan başqa, Cənubi Koreya və Yaponiya kimi inkişaf etmiş bazarlarda da artım gözlənilir. “LTE-Advanced” texnologiyasının tətbiqi və operatorların imkanlarının genişlənməsi buna imkan yaradacaq.
 
Emil Hüseynov
 
 




14/01/14    Çap et