Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil tətbiqlərdən istifadə 115% artıb


2013-cü ildə mobil tətbiqlərdən istifadə iki dəfədən çox artıb. “Flurry” şirkətinin statistikasına görə, ötən ilin 12 ayı ərzində smartfonlara quraşdırılmış tətbiqlər 2012-ci illə müqayisədə 115% daha çox icra edilib.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, messencerlər (həmçinin sosial şəbəkələr və fotomübadilə xidmətləri daxildir) kateqoriyası artımın əsas drayveridir. Analitiklərin sözlərinə görə, burada təəccüblü heç nə yoxdur: “Vine”, "Facebook” çatı, “SnapChat”, “WhatsApp”, “WeChat”, “KakaoTalk” və “Line” xidmətlərinin auditoriyası çox böyükdür və inkişaf etməyə davam edir.
 
 
2013-cü ildə utiliti və alətlər kateqoriyasına məxsus tətbiqlər 2012-ci illə müqayisədə 149% daha çox icra edilib.  “Flurry”nin ekspertləri belə izah edirlər ki, planşet və smartfonlar getdikcə fərdi kompüterlərin əvəzetməsinə çevrilir. Mobil oyunlarda 66% artım qeydə alınıb.
 
“Flurry” şirkətinin statistikası bütün dünya üzrə 400 min tətbiqdə açıq anonim sessiyaların hesablamasına əsaslanır. Sessiya dedikdə istifadəçinin tətbiqi bir dəfə işə salması və ondan çıxması başa düşülür. 2013-cü ildə analitiklər təxminən 1,1 trilyon sessiya emal ediblər.
 
Emil Hüseynov




14/01/14    Çap et