“Azərkosmos” : “Əhali peyk vasitəsilə yayımlanan kanalları tam ödənişsiz olaraq izləyə bilər”
Azərbaycan telekanallarının ölkənin ilk milli telekommunikasiya peyki olan “Azərspace-1” üzərindən yayımı həyata keçdikdən sonra bu sahədə əhalidə müəyyən suallar yaranıb. Bir çox vətəndaş milli peykə qoşulmağın hansı yollarla mümkün olduğunu soruşur. Bunun üçün lazım olan avadanlığın nədən ibarət olması ilə maraqlanır. Eyni zamanda, “Azərspace-1” telekommunikasiya peykindən TV proqramların alınması üçün ödənişin həyata keçirilib-keçirilməməsinə aydınlıq gətirilməsi istənilir.
Sözügedən məsələlərlə əlaqədar, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşlar “Azərspace-1” peykinə qoşulmaq üçün çanaq antenindən və peyk qəbuledicisindən istifadə etməlidir:
“Sözügedən anteni quraşdırmaq və istifadəyə hazır vəziyyətə gətirmək üçün adətən peyk antenlərini quraşdıran ustalara müraciət edirlər. Çanaq anteni quraşdırıldıqdan sonra peyk vasitəsilə yayımlanan kanalları izləyə bilmək üçün qəbuledicidə bir neçə parametri (tezlik, polyarizasiya, simvol sürəti, FEC) daxil etmək lazımdır. Həmin parametrlərlə və “Azərspace-1” üzərindən yayımlanan kanalların siyahısı ilə “Azərkosmos” ASC-nin rəsmi veb-saytında
http://azercosmos.az/ba-s-hif/azerspace-1-televiziya-v-radio-kanallar-n-n-siyah-s/ keçidində tanış olmaq mümkündür. Hazırda “Azərspace-1” peyki üzərindən 61 teleradio kanalı yayımlanır və əhali bu kanalları tam ödənişsiz olaraq izləyə bilər”.
SEYMUR