“Huawei” 2013-cü ildə tədqiqatlara 5,4 milyard dollar xərcləyib
Çinin "Huawei" şirkətinin 2013-cü ildə yeni texnologiyaların hazırlanmasına xərcləri 33 milyard yuana (5,4 milyard dollardan çox) çataraq mədaxilin 14 faizini təşkil edib. Bu barədə şirkətin məlumatında deyilir.
2004-2013-cü illər ərzində şirkət elmi-tədqiqat və təcrübi-konstruksiya işləmələrinə (R&D) ümumilikdə təxminən 154 milyard yuan (hazırkı məzənnə üzrə 25,4 milyard dollar) sərf edib. Bundan başqa, Çin istehsalçısı 2018-ci ilədək "5G" simsiz rabitə standartının işlənməsinə 600 milyon dollardan çox vəsait xərcləmək niyyətində olduğunu bildirib.
"Huawei"in maliyyə direktoru Keti Menq 2013-cü il üçün şirkətin auditor yoxlamasından keçməyən maliyyə göstəriciləri haqqında ilkin məlumatlar təqdim edib. Məlumatlara əsasən, 2013-cü ildə "Huawei"in satışdan əldə etdiyi mədaxilin ümumi həcmi 238 milyard yuandan (təxminən 39,3 milyard dollar) çox olmaqla 2012-ci ilin göstəricisi ilə müqayisədə 8 faiz artıb. Maliyyə direktoru həmçinin qeyd edib ki, ötən il ərzində şirkətin əməliyyat gəlirləri 29 milyard dollara (478 milyon dollar) yaxın olacaq ki, bu da 2012-ci ilin analoji göstəricisindən 43 faiz çoxdur.
2013-cü ilin üçüncü rübünün yekunları üzrə "Huawei" simsiz rabitə üçün radio avadanlıqlarının tədarükü üzrə dünya lideri olmaqla 28,1 faiz bazar payına sahib çıxıb. "IDC" analitik şirkətinin məlumatına görə, şirkət 4,8 faiz payla smartfon istehsalçıları arasında liderlər üçlüyünə də daxil olub. Las-Veqasda keçirilən "CES-2014" sərgisində "Huawei" 2014-cü ildə 80 milyon smartfon satmaqla bağlı planlarını açıqlayıb, eləcə də "Ascend Mate 2 4G" smartfonu və "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Tron" oyun qurğusu daxil olmaqla bir sıra istehlak məhsullarını nümayiş etdirib, - "Digit"
www.digit.ru yazır.