Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Superkompüter beynin 1 saniyəlik iş modelini hazırlayıb


İnsan beyninin fəaliyyətinin modelləşdirilməsi üzrə ən mürəkkəb və dəqiq sınaqlar Yaponiyanın “K Supercomputer” superkompüterində həyata keçirilib. Beynin fəaliyyətinin 1 saniyəsini təsvir etmək üçün dünyanın ən güclü superkompüterlərindən biri hesab edilən “K Supercomputer” 40 dəqiqəlik hesablama aparıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “K” dünyanın dördüncü ən güclü kompüteri hesab edilir: qurğu 705024 “SPARC” prosessor nüvəsindən ibarətdir və 1,4 milyon qiqabayt əməli yaddaşa malikdir. Beyin fəaliyyətinin simulyasiyası üzrə layihə Yaponiyanın “RIKEN” tədqiqat qrupu, Okinava İnstitutu və Almaniya Yulix Fənlərarası Mərkəzinin birgə araşdırmasıdır. Mühəndislər deyiblər ki, onlar tərəfindən hazırda dünyanın ən böyük neyron simulyasiya şəbəkəsinin modelləşdirilməsi həyata keçirilib.

Mütəxəssislərin simulyasiya mühiti yaratmaq üçün istifadə etdikləri “Neural Simulation Technology” (NEST) açıq proqram təminatı 10,4 trilyon sinapsa birləşdirilmiş 1,73 milyard sinir hüceyrələrindən virtual şəbəkə təsvir edib. Bu rəqəmlər heyrətləndirici olsa da, onlar insan beyninin ümumi neyron şəbəkəsinin yalnız 1%-ni təşkil edir. Alimlər deyiblər ki, onların testi superkompüterlərin müasir hesablama limitini əyani göstərib.

Emil Hüseynov
 




16/01/14    Çap et