Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ağdamın 150 evdən ibarət qəsəbəsinə telefon çəkiləcək
Ağdamın Ergi qəsəbəsinə telefon xətti çəkiləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə “Aztelekom” İstehsalat Birliyinin baş direktorun I müavini, texniki direktor Zair Vəliyev məlumat verib. Onun sözlərinə görə, sözügedən qəsəbəyə telefon xəttinin çəkilməsi birliyin Tədbirlər Planına daxildir: “Qəsəbədə hazırda stasionar telefon xətti yoxdur. Burada 150-dən çox ev var. Hesab edirik ki, 2014-cü il ərzində məsələ özünün müsbət həllini tapacaq”.
Z.Vəliyev bildirib ki, yaxın bir neçə günə qəsəbəyə nümayəndə göndəriləcək və məsələ yerindəcə araşdırılacaq: “Nümayəndəmiz tərəfindən əraziyə baxılacaq. Qəsəbəyə telefon xəttinin çəkilməsi ilə bağlı layihə hazırlanacaq və bundan sonra onun icrasına başlanılacaq. Yəqin ki, I rübə qədər bu işlər həyata keçiriləcək”.
Texniki direktor onu da əlavə edib ki, Ağdam rayonunun telekommunikasiya şəbəkəsi üçün yeni avadanlıqlar alınacaq. Yeni avadanlıqların yaxın zamanlarda gətiriləcəyini və quraşdırılacağını önə çəkən Z.Vəliyevin sözlərinə görə, köhnə avadanlıq hesabına da əlavə olaraq bir neçə əraziyə yeni telefon xətlərinin çəkilməsi mümkün olacaq:
“Bu avadanlığın da Ergi qəsəbəsi üçün quraşdırılması mümkündür. Ona görə qeyd edim ki, ərazinin layihəsi hazırlandıqdan sonra sözügedən məsələlərə baxılacaq”.
Seymur Qasımbəyli
16/01/14 Çap et