Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal şəbəkənin ən populyar saytları


“Alexa” şirkəti statistik məlumatlar əsasında Qlobal şəbəkədə ən populyar 500 saytın daxil olduğu yeni reytinq cədvəlini tərtib edib. Qeyd edək ki, internet istifadəçiləri arasında ən populyar olan saytlar əsasən axtarış sistemləridir. Burada xüsusilə, internet nəhəngi “Google” axtarış sisteminin şəbəkədəki populyarlığını qeyd etmək lazımdır. Belə ki, bu sayta Qlobal şəbəkənin istifadəçilərinin yarısı daxil olur.
Reytinqin ikinci-üçüncü pillələrində müvafiq olaraq, dünyanın ən iri sosial şəbəkəsi “Facebook” (44.43%) və internet istifadəçiləri arasında böyük populyarlıq qazanan “YouTube” (30,56%) videoxostinqi yerləşir. İlk beşliyə “Yahoo!” və “Google” (Blogger servisi - 13,84%) şirkətlərinin saytları daxil olub. Reytinqin onluğuna Çinin “Baidu” axtarış sistemi, “Wikipedia”, “Microsoft” şirkətinin “Live” servisi, “Twitter” sosial şəbəkəsi (7,28%) və Çinin digər bir populyar saytı – QQ daxildir.
Xatırladaq ki, “Google” şirkəti də analoji reytinq cədvəlini hazırlayır. Bir qayda olaraq, şirkət reytinqi tərtib edərkən özünü daxil etmir. Reytinqdə birinci yeri “Facebook” sosial şəbəkəsi, ikinci pilləni isə “YouTube” videohostinqi tutur. “Google” şirkətinin statistik məlumatlarına əsasən hər ay “Facebook”da 800 milyon istifadəçi 900 milyard səhifəyə, “YouTube” videoxostinqində isə hər ay 800 milyon istifadəçi 100 milyard səhifəyə baxır.




16/08/11    Çap et