Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çin öz əməliyyat sistemini hazırlayıb
Çin istehsalçıları “COS” (Chinese Operating System) əməliyyat sistemini təqdim ediblər. Bu platforma yerli bazarda “Android” və “iOS” kimi rəqiblərinin mövqeyini zəiflətməlidir. Sistem “Linux” əməliyyat sisteminə əsaslanır və kompüter, smartfon, planşet, televizorlara və bəzi başqa elektron texnikaya quraşdırılmaq üçün nəzərdə tutulub.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, artıq bundan əvvəl Çində “OPhone” adlı müstəqil platforma yaratmağa çalışıblar, lakin bu cəhdi uğurlu adlandırmaq olmaz. “COS” açıq platformadır və yüksək lokallaşdırma keyfiyyəti, təkmilləşdirilmiş nitqin tanınması texnologiyası, Çində populyar xidmətlərin təkmilləşdirilmiş dəstəyi və sairə ilə fərqlənir.
“COS” əməliyyat sistemi dövlətin dəstəyi nəticəsində “Shanghai Liantong” şirkəti və “ISCAS” (Çin elmlər akademiyası nəzdində proqram təminatı institutu) tərəfindən hazırlanıb. Sistemin nümayişi zamanı jurnalistlər “HTC One” və “HTC Butterfly” smartfonlarına quraşdırılmış “COS” sistemi ilə tanış olublar. Çinin milli əməliyyat sistemi görünüşcə “Android” platformasına olduqca oxşayır.
Emil Hüseynov
17/01/14 Çap et