“CES 2014” sərgisində təqdim olunan cihazlar (FOTOLAR)
Yanvarın 10-da ABŞ-ın Las-Veqas şəhərində hər il keçirilən "CES" elektronika sərgisi öz işini dayandırıb. İstehsalçıların sərgidə nümayiş etdirdikləri qurğular qarşıdakı on bir ay ərzində satışa çıxarılacaq.
Müasir televiziya dəbinin yaradıcılarından biri "LG" şirkəti "CES" sərgisində "webOS" əməliyyat sistemli (ƏS) televizorlar nümayiş etdirib. Bu, "Smart TV" sinfinə məxsus standart qurğularıdır, televiziya efirindən başqa, tətbiqləri icra edə və brauzerdə saytları aça bilər.
Adı çəkilən əməliyyat sistemi 2000-ci ilin sonunda "Palm" şirkəti tərəfindən hazırlanıb. Aparatlar istehsal edildi, onlar üçün ƏS-i yazıldı, lakin cihazlar satılmadı. Nəticədə 2010-cu ildə planşet istehsalı ilə məşğul olmağı planlaşdıran "Hewlett-Packard" şirkəti "Palm"ı satın alıb.
"HP" şirkətinin "WebOS" sistemi ilə işləyən birinci planşeti 2011-ci ilin yayında işıq üzü görüb. Lakin qurğuya tələbat sıfır səviyyəsində olub. "HP" şirkəti qiyməti azaltmağa qərar verib. Başlanğıc qiyməti 500 dollar məbləğində olan planşet 100 dollara satışa çıxarılıb. Bundan sonra qurğular tezliklə satılır və şirkət bu bazarı tərk edir.
"HP" 2013-cü ilin fevralında bu əməliyyat sistemini "LG" şirkətinə satıb. Sazişin qiyməti məlum deyil. "LG" şirkəti bəyan edib ki, "webOS" əməliyyat sistemi 2014-cü il onun smart televizorlarının 70%-də quraşdırılacaq.
Büküləndə həm də açılmalıdır
2013-cü ildə texnologiya sərgilərinin əsas "qəhrəman"ı bükük televizorlar olub. İlk öncə "LG" və "Samsung" şirkətləri sözügedən televizor istehsalına başlayıb. 2014-cü ildə hər iki şirkət texnologiyalarını daha da inkişaf etdirərək düz ekrandan bükük ekrana və çevrilmək formasına malik televizorlar nümayiş etdirib.
Hər iki televizor UHD təsvir ölçüsünə malikdir, lakin "LG" "Samsung"u üstələyib. Hərçənd ki onun televizoru ölçüsünə (77 düym) "Samsung" (88 düym) geri qalır, lakin o, "OLED" texnologiyası üzrə hazırlanıb və daha nazikdir.
Hər iki televizorun bir neçə nüsxəsi mövcuddur. Ehtimal ki, onlar satışa çıxarılmayacaq.
Hər bir şeyi konstruktora çevirmək olar
Ötən ilin payızında "modulyar smartfon" ideyası çox səs-küyə səbəb olmuşdu. Bu aparatlarda hər bir komponent ayrı-ayrı blok-modula salınıb. Əgər komponent zamanla köhnəlibsə və ya sınıbsa, o zaman bloku çıxardaraq əvəzinə yenisini daxil etmək olar. Bu ideyanı hollandiyalı dizayner Deyv Hakkens təklif edib, "Motorola" şirkəti isə anındaca onun tətbiqinə başlayıb.
"CES" sərgisində modulyar telefon və modulyar kompüter nümayiş edilib. Modulyar telefon Çinin "ZTE" şirkəti tərəfindən istehsal edilib. "ZTE Eco-Mobius" smartfonu batareya bloku, kamera bloku və əsas blokdan ibarətdir. Əsas bloka mərkəzi və qrafik prosessorlar, əməli yaddaş, kamera və fləş-daşıyıcı modulları daxildir. Hələ ki heç kəs işlək aparatı görməyib, lakin Çin şirkəti "Motorola"nı qabaqlayıb: sonuncuda modulyar smartfon hələ ki yalnız şəkillərdə mövcuddur.
"Razer" şirkəti sərgidə "Project Christine" adlanan modulyar kompüter nümayiş etdirib. Kompüter şaquli rəflərdən ibarətdir və modullar (prosessor, videokart, yaddaş, sərt disk və sairə) onlara quraşdırılır. Məlumat mübadiləsi üçün "PCI Express" interfeysi tətbiq edilir; hər bir modul səssiz maye soyutma sisteminə malikdir. Qiymət, çıxarılma tarixi, əlçatan modulların siyahısı hələ ki açıqlanmayb.
Smart saatlar
2013-cü ildə smart saatların (smartfonlarla Bluetooth vasitəsilə sinxronlaşdırılan qola taxılan elektron qurğular) aktiv istehsalına baxmayaraq, onlar kütləviləşə bilməyib. Nəticədə istehsalçılar müxtəlif həllər təqdim etməyə başladılar.
Məsələn, "Pebble" şirkəti sərgidə "Pebble Steel" qurğusunu nümayiş etdirib.
Yeni saat xarakteristikalarına görə əvvəlki modeldən, demək olar ki, fərqlənmir. Fərq yalnız görünüşdədir: "Steel" smart saatının korpusu plastik qutu əvəzinə paslanmayan poladdan hazırlanıb, rezin kəmər əvəzinə metal qolbaq, plastik qoruyucu örtük əvəzinə isə "Gorilla Glass" şüşəsindən istifadə edilib.
Başqa istehsalçılar problemi görünüşdə deyil, onların kifayət qədər "ağıllı" olmaması ilə izah ediblər. Bu fikrin tərəfdarları öz qurğularını qol smartfonlarına çeviriblər. Ən parlaq nümunə SİM kart, dinamik, mikrofon, "Wi-Fi", "Bluetooth", sensor ekran, iki daxili kamera və işıqlandırıcı ilə təchiz edilmiş 335 dollarlıq "Neptune Pine" cihazıdır.
Fitness treklər
"CES" sərgisində ən tez-tez rast gəlinən eksponatlardan biri fitness-trek olub: akselerometrin köməyi ilə istifadəçinin fiziki aktivliyi haqqında informasiyanı qeydə alan və məlumatları smartfona ötürən qolbaq formasında cihazdır.
Əvvəllər belə treklərin buraxılışı ilə "Nike", "Fitbit" və başqa idman şirkətləri məşğul olublar. Hazırda isə istənilən şirkət fitness trekləri istehsal edir.
Emil Hüseynov