Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“TETRA” peşəkar mobil rabitə standartının LTE şəbəkələri ilə əvəz ediləcəyi proqnozlaşdırılır


Yaxın 5-7 il ərzində "TETRA" və digər peşəkar mobil radiorabitə standartları bazardakı məlumat ötürmə keyfiyyətinə tələbata uyğun olaraq  LTE şəbəkələri ilə əvəz ediləcək.

"ICTnews" xəbər xidmətinin "www.comnews.ru" saytına istinadən verdiyi məlumata əsasən, bu haqda "J’son & Partners Consulting" şirkətinin "LTE əsasında peşəkar mobil radiorabitə şəbəkələrində genişzolaqlı servislərin tətbiqi perspektivləri" adlı araşdırmasında bildirilir. Şirkətin məlumatlarına əsasən, "TETRA" və digər peşəkar mobil radiorabitə (PMR) standartları "ağır" kontentin (real vaxt rejimində videonun ötürülməsi, faylların sürətli ötürülməsi və s.) mübadiləsi üzrə müasir tələbatlara cavab vermir.

"Bununla bağlı, PMR standartlarının mümkün əvəz edilməsinə orta və uzunmüddətli perspektivdə ən çox ehtimal edilən namizəd kimi bütün dünyada sürətlə məşhurlaşan LTE texnologiyası baxılır", - "J’son & Partners Consulting"in məlumatında belə deyilir.

"TCCA (TETRA Critical Communications Association)" şirkətinin işçi qrupunun 2013-cü ildə keçirdiyi qiymətləndirməyə əsasən, LTE texnologiyasının fövqəladə xidmətlərin kommunikasiyaları üçün 2018-ci ilədək əlçatımlı olmayacaq, "VoLTE"-nin bu cür abunəçilər üçün münasib keyfiyyəti 2020-ci ilədək gözlənilmir.

"Bu anadək "TETRA" və LTE texnologiyalarının birgə istifadəsi davam edəcək. Bu haqda texnologiyaların inteqrasiyası üzrə yetərincə çoxsaylı həllər sübut edir", - "J’son & Partners Consulting" mütəxəssisləri bildirib.

"J’son & Partners Consulting"in simsiz texnologiyalar departamentinin rəhbəri Vitali Soloninin fikrincə, "TETRA" və digər PMR standartlarının Rusiyada LTE sistemləri ilə əvəz edilməsi  2019-cu ildən tez baş verə bilməz. Çünki bu vaxtadək ölkədə LTE şəbəkələrinin genişmiqyaslı tikintisinin başa çatdırılması gözlənilir.
 
"Bu vaxtadək ayrı-ayrı regionlarda lokal layihələrin həyata keçirilməsi mümkündür. Ehtimal edilir ki, Rusiya və Avropa LTE-nin ictimai təhlükəsizlik sahəsində tətbiqi templərinə görə geridə qalacaqlar, çünki tezlik spektrinin tənzimlənməsində daha sərt  siyasət yürüdürlər, nəticədə bu ölkələrdə PMR standartlarının əvəz edilməsi 7-10 il uzadıla bilər", - deyə Solonin bildirib.
 
Ekspertlərin fikrincə, "J’son & Partners Consulting"in proqnozları düzgün deyil. Çünki LTE sistemlərində güc və sənaye strukturları üçün müəyyən avadanlıq yoxdur, bundan başqa da sistemin əvəz edilməsi hökumət üçün sərfəli deyil.
 
"Yaxın 5-10 il ərzində LTE texnologiyası "TETRA"-nı əvəz etməyəcək, çünki bu, artıq yoxlanılmış sistemdir və hazırda bütün güc strukturları ondan razıdırlar", - deyə ekspertlər bildiriblər.
 
Aynur Vəliyeva




18/01/14    Çap et